Türkiyənin Qafqaz Universiteti ilə əməkdaşlıq istiqamətləri müzakirə edilib

Türkiyənin Qafqaz Universiteti rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.


Nümayəndə heyətini Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova müşayiət edib.


Səfər çərçivəsində Qafqaz Universitetinin rektoru Hüsnü Kapu, beynəlxalq əlaqələr üzrə prorektor Engin Kılıç, baytarlıq fakültəsinin dekanı Mete Cihan və Tibbi Mikrobioloji bölümünün professoru Özgür Çelebi ADAU rəhbərliyi ilə görüşüb.
 

İşgüzar görüşdə ADAU-nun rektoru Zəfər Qurbanov ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən məmnunluq duyduğunu və mövcud səfərin qarşılıqlı əlaqələrin inkişafı baxımından yüksək səmərə verəcəyini diqqətə çatdırıb. Rektor Aqrar Universitetdə mütəxəssis hazırlığının keyfiyyətcə yüksəldilməsi istiqamətində görülən işlərdən və perspektiv planlardan danışıb.


Söhbət zamanı hər iki universitet arasında ikili diplom məsələsi, baytarlıq sahəsində tədris planlarının uyğunlaşdırılması, akademik mübadilə və əməkdaşlıq məsələlərinin digər aspektləri də ətraflı müzakirə edilib.


Hüsnü Kapu rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyət istiqamətləri, tədris olunan ixtisaslar və kadr hazırlığı üzrə aparılan işləri diqqətə çatdıraraq, ADAU ilə əməkdaşlıqda xüsusi maraq kəsb edən sahələrə toxunub.


Sonda qonaqlar ADAU-nun müasir laboratoriyaları, tədris korpusları, tələbə yataqxanası və s. ilə yaxından tanış olublar.

 

 



23.01.2024 | 12:40