Şuhrat Ehgamberdiev: “İmzalanan əməkdaşlıq müqaviləsi astronomiya və kosmik elmlər sahəsində tədqiqatlara yeni impuls verəcək”

Bakı Dövlət Universiteti (BDU) ilə Özbəkistan Elmlər Akademiyasının Mirzə Uluqbəy adına Astronomiya İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Özbəkistan Elmlər Akademiyasının Astronomiya İnstitutunun direktoru Şuhrat Ehgamberdiev imzalayıb.

 

Mərasimdə çıxış edən BDU rektoru E.Babayev qeyd edib ki, Özbəkistan Elmlər Akademiyasının Astronomiya İnstitutu ilə əməkdaşlıq astronomiya sahəsində təcrübə, bilik mübadiləsi, beynəlxalq əməkdaşlıq, kosmosun tədqiqi üçün unikal imkan yaradacaq. Bu tərəfdaşlıq birgə elmi layihələrin hazırlanmasına, iki qurumun alimləri və tələbələri arasında təcrübə mübadiləsinə, eləcə də astronomiya sahəsində təhsil proqramlarının yaradılmasına töhfə verəcək.

 

Özbəkistan Elmlər Akademiyasının Astronomiya İnstitutunun direktoru Şuhrat Ehgamberdiev isə qeyd edib ki, BDU ilə imzalanan əməkdaşlıq astronomiya və kosmik elmlər sahəsində tədqiqatlara yeni impuls verəcək: “Astronomiya bizim üçün sadəcə elm deyil. Həm Nəsirəddin Tusi, həm də Mirzə Uluqbəy xalqlarımızın mənəviyyatının bir hissəsidir”.

 

Müqaviləyə əsasən, BDU ilə Özbəkistan Elmlər Akademiyasının Astronomiya İnstitutu astronomiya və kosmik elmlər sahələrində birgə elmi tədqiqatlar  həyata keçirəcək. Müqavilə, həmçinin iki qurum arasında elmi mobilliyin inkişafı, magistr, doktorant, tədqiqatçı, akademik və inzibati heyətin mübadiləsini nəzərdə tutur.

 



25.01.2024 | 17:02