Həm yazılı, həm şifahi...

Yanvar ayında qapılarını ictimaiyyətin üzünə taybatay açan ali təhsil müəssisələrindən biri də Azərbaycan Texniki Universiteti (AzTU) oldu.Təhsil ocağında keçirilən imtahan prosesini müşahidə edənlər arasında tanınmış ictimaiyyət nümayəndələri, İctimai Şuranın üzvləri ilə yanaşı, övladı bu universitetdə təhsil alan valideynlər və jurnalistlər də vardı.

 

Universitetdə görüş

 

AzTU rektoru professor Vilayət Vəliyev universitetin qonaqlarına təhsil müəssisəsinin uğurlarından və problemlərindən danşıb, beynəlxalq əlaqələrin genişləndiyini, tələbə-müəllim münasibətlərinin getdikcə istiləşdiyini, universitetdə münbit öyrənmə mühiti yarandığını deyib. AzTU-da həyata keçirilən layihələr, imtahanlarda tətbiq olunan yeniliklər, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün atılan addımlarla bağlı ətraflı məlumat verib: “Yaxşı kadr yetişdirmək üçün nəzəri biliklər kifayət etmir. Müasir dünyanın tələbi müasir texnologiyalardan istifadə etməyi bacaran elmədir. Biz də bu sahədə işlərimizi gücləndirmişik. Universitetimizdə müasir laboratoriyalar yaradılıb, ən yeni texnologiyalardan ibarət emalatxanalar qurulub. Burada tələbələr müxtəlif konstruksiyaların qurulmasında iştirak edirlər.  Universitetdə elə bir sistem yaratmaq istəyirik ki, müəllim tələbəni, sadəcə öyrətməsin, həm də ondan öyrənsin”.

 

Görüşdə çıxış edən valideynlər imtahanların təşkilindən razı qaldıqlarını bildiriblər. Növbəti semestrdə həyata keçirilməsini arzuladıqları təklifləri də olub. İctimai Şuranın sədri Osman Gündüz “Açıq qapı” günündə iştirak edənlərə belə görüşlərin mütəmadi keçiriləcəyini deyib.

 

Fərqli imtahan, ədalətli qiymətləndirmə

 

Mediatur iştirakçıları bəzi zallarda imtahanların gedişini izləyib. Onlara bildirilib ki, AzTU-da imtahanlar fərqli formatlarda təşkil olunub. Əyani təhsil alan I kurs tələbələri test, yazılı və şifahi, II, III və IV kurslar isə şifahi (yazılı) imtahan verirlər. Qiyabi təhsil alanlardan imtahanlar əsasən test üsulu ilə götürülür. Sadəcə V kurslar üçün şifahi (yazılı) imtahan təşkil edilib. Magistratura səviyyəsində isə imtahanlar şifahi (yazılı) keçirilir.

 

Sessiyanın gedişinə nəzarət, həmçinin şəffaflığın təmin olunması məqsədilə AzTU-da Apellyasiya Komissiyası, İmtahan Qərargahı və “Qaynar xətt” (+99412 539 13 05) fəaliyyət göstərir.

 

İmtahanda

 

I kurs tələbəsi Ellada Nəsibova imtahanlarını uğurla verdiyini deyib. O, energetika və avtomatika fakültəsində “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə təhsil alır.  Ellada mediatur iştirakçılarına imtahan verdiyi üsul barədə məlumat verib: “Bizə təqdim olunan suallara “Word” proqramında cavab yazır, sonra ekran şəklini çəkib  sistemə yükləyirik. Sualların cavabını yoxlayan müəllimlər kimin cavabını qiymətləndirdiyini bilmir. Sadəcə cavabı qiymətləndirir və ədalətli olan da budur”.

 

 

 

 

Səməd İskəndərli də ixtisas fənnindən imtahan verir. Kompüter vasitəsilə yazılı imtahan verilməsinin rahatlığından, yeni olmasına baxmayaraq öhdəsindən uğurla gəldiklərindən danışır. Bu semestri uğurla başa çatdırıb: “İmtahanlarımızın çoxunu vermişik. Tələbəlik çox maraqlıdır. AzTU-nu seçdiyim üçün sevinirəm. İxtisasımı sevirəm və yaxşı mütəxəssis olacağıma inanıram”.

 

 

 

 

AzTU-da sadəcə elektrik və elektronika mühəndisləri yox, dron mühəndisləri də hazırlanır. Müxtəlif modelli dronlar hazırlanan emalatxanaya da baş çəkən mediatur iştirakçıları burada tələbələrin işini izləmək imkanı qazanıblar. Onlara məlumat verilib ki, emalatxana Türkiyənin Aviasiya və Kosmik Tədqiqatlar şirkəti mütəxəssislərinin dəstəyi ilə yaradılıb.

 

Gələcəyə hazırlıq

 

Gələcək texnologiyalarla gəlir. Texnologiyaları idarə edəcək kadrların necə yetişdirildiyini görmək mediatur iştirakçıları üçün maraqlı olub. Qazi tələbənin atası Elçin Məmmədli bildirib ki, universitetdə gördükləri onu çox həvəsləndirib: “Oğlum 44 günlük Vətən müharibəsinin iştirakçısıdır və bu universitetin 3-cü kurs tələbəsidir. Burada gördüklərimdən sonra oğlumun gələcəyimizi necə idarə edəcəyindən əmin oldum”.

 

Ruhiyyə DAŞSALAHLI

 

 



26.01.2024 | 11:03