Rahat, əlçatan dərslik

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası artıq bir neçə illərdir ki, kütləvi informasiya vasitələri ilə bir sıra yeni layihələrə imza atıb. Belə ki, həyata keçirilən  layihələrə rəhbərliyi BMA-nın rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyli və layihələrin baş redaktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədov edib.

 

BMA-nın həyata keçirdiyi layihələrdən biri də elektron dərsliklərin yazılması ilə əlaqəlidir. Artıq bir neçə ildir ki, musiqi mədəniyyətinin dahi şəxsiyyətlərinin yazdığı kitabları elektron nəşrlər kimi geniş oxucular üçün təqdim edilir. Bunların içərisində Ü.Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” (http://uzeyirbook.musigi-dunya.az), Ü.Hacıbəylinin elektron ensiklopediyası (http://uzeyirbook.musigi-dunya.az/), “Muğam ensiklopediyası” (http://uzeyirbook.musigi-dunya.az/), Əfrasiyab Bədəlbəylinin “İzahlı monoqrafik musiqi lüğəti” (http://lugat.musigi-dunya.az/), “Azərbaycan teatr ensiklopediyası” (http://teatrlugati.musigi-dunya.az/), “Saz məktəbi” (http://saz.musigi-dunya.az/)  və s. kitablarının elektron nəşrləri xüsusilə seçilir.   

 

Elektron kitablar məlumatın əldə edilməsi, yayılması və öyrənilməsinin dəyişdirilməsində mühüm rol oynayaraq təhsil sistemində böyük yenilik oldu. Elektron kitabların rahatlığı və əlçatanlığı məlumatların daha yığcam saxlanılmasına, tələbələrə və müəllimlərə bütöv bir kitabxananı rəqəmsal cihazın hüdudları daxilində aparmağa imkan verir. Bu növ kitablarda mövzunun daha da genişlənməsi, paralel məsələlərin əlavə edilməsi də mümkün olan başlıca xüsusiyyətlərdəndir. Həmçinin biliklərin ötürülməsi və qavranılması prosesində musiqi nümunələrinin səsləndirilməsi, informasiyanın vizuallarşdırılması, hiper istinadlar, qrafik fayllar kimi multimediya texnologiyalarından istifadə olunması əlbəttə ki, müasir tələbələrin nəinki biliklərin statik olaraq öyrənilməsini, eləcə də tələbənin hisslərinə təsir kanallarının müxtəlifliyini təmin edir. 

 

Elektron dərsliklər hər tələbəyə təhsil prosesində fəal iştirak etmək, onların öyrənmə prosesini fərdiləşdirmək üçün şərait yaradır. Onlara passiv müşahidəçi yox, yeni bilik əldə etmək istəyən və öz imkanlarını qiymətləndirə bilən tələbə olmaq üçün imkan verir. Elektron dərslik böyük həcmdə tədris və təlim materiallarını əhatə və yeni tədris metodlarının inkişafına yardım edərək ənənəvi öyrənmə formalarını zənginləşdirir.

 

XX əsrin ortalarından etibarən  yaranan elektron nəşrlər hər hansı bir vəsaitin maqnit disk, yaxud kompakt disk formatında istifadəsinə imkan yaradır. Onlayn və ya oflayn kimi müxtəlif istifadə formalarından asılı olmayaraq kompüter, planşet, mobil telefon vasitəsilə dərsliklərin istifadə imkanlarının, rahat axtarış sisteminin mövcudluğu, mobil elektron dərsliklərinin üstünlüklərindəndir.

 

Bu işlərin məntiqi davamı olaraq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasında tədris olunan “Azərbaycan ənənəvi musiqisi” fənninin tədris proqramına əsasən hazırlanan eyniadlı dərsliyin I cildi “Azərbaycan xalq mahnıları”nın (http://lecture.musigi-dunya.az/derslik.pdf) elektron nəşrlər siyahısına daxil edilməsidir. “Azərbaycan xalq mahnıları”  adlı I cild dərsliyinin müəllifləri Ü.Hacıbəyli adına BMA-nın “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının professoru, Əməkdar müəllim, sənətşünaslıq  doktoru Cəmilə İsmayıl qızı Həsənova və sənətşünaslıq doktoru, dosent Leyla Ramiz qızı Zöhrabovadır.    

 

Qeyd edək ki, haqqında söz açdığımız elektron nəşr Ü.Hacıbəyli adına BMA-nın 100 illik yubileyinə həsr olunub. Bu nəşr  tez bir zamanda tədris planında elektron vəsait kimi istifadə olunmağa başlanıb.

 

Elektron kitabların üstün xüsusiyyətlərindən biri də bu kitablar vasitəsilə öyrənmə prosesində öyrənmə təcrübəsini artıran interaktiv xüsusiyyətlər təqdim edilir. Multimediya elementləri, hiperlinklər və axtarış funksiyaları tələbələrə məzmunla dinamik şəkildə məşğul olmağa imkan verir, daha immersiv və fərdiləşdirilmiş öyrənmə mühitini təşviq edir.

 

Söz açdığımız Azərbaycan ənənəvi musiqisinin elektron dərsliyində xalq mahnılarının janr xüsusiyyətləri, Azərbaycan xalq mahnılarının notlaşdırılması tarixi, xalq mahnılarına dair tədqiqatlar (əmək mahnıları, mərasim mahnıları, məişət mahnıları və tarixi mahnıların - janr xüsusiyyətləri və nəzəri əsasları), xalq mahnılarının məqam əsası, xalq mahnılarının melodikası; xalq mahnılarının forma-quruluş xüsusiyyətləri, xalq mahnılarında musiqi metro-ritmi ilə poetikanın vəhdəti, xalq mahnıları bəstəkar yaradıcılığında, ənənəvi musiqidə vokal-xoreoqrafik janrlar (halay, haxışta), meyxana janrı, dini musiqi, Azərbaycanda yaşayan azsaylı xalqların musiqi folkloru haqqında mövzular öz əksini tapıb. Elektron dərslikdə həmçinin hər mövzudan sonra test tapşırıqları da təqdim olunub. Bu isə əlbəttə ki, mövzunun daha da yaxşı mənimsənilməsinə şərait yaradan vacib amillərdəndir.

 

2023-2024-cü tədris ili üçün dərsliyin II cildinin hazırlanması, ümümilikdə isə IV cilddən ibarət olması nəzərdə tutulub.

 

Beləliklə, “elektron kitablar öz səmərəliliyi, interaktiv və ekoloji cəhətdən davamlı həllər təklif etməsi baxımından təhsil sisteminin ayrılmaz hissəsinə çevrilib” - desək, yanılmarıq. Sənətşünaslıq doktoru, professor Tariyel Məmmədov yazır: “Musiqiçi hazırlığında tədris prosesinin təkmilləşməsində elektron dərsliklərin tədrisə daxil edilməsi mütərəqqi vasitədir. Onların çap versiyasından əsas fərqi odur ki, bu məhsullarda multimediya kontentinin tələbələr tərəfindən tam həcmdə istifadə imkanı reallaşdırılmışdır”.

 

Leyla BABAYEVA,

Bakı Musiqi Akademiyasının “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar”  kafedrasının doktorantı

 

 



27.01.2024 | 10:10