Tələbələr üçün daha bir təqaüd təsis edildi

“ATS Food” MMC tərəfindən Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələri üçün xüsusi təqaüd təsis edilib.

 

Təhsil ocağından bildirilib ki, ATU tələbələri üçün xüsusi təqaüd Azərbaycan Texnologiya Universiteti ilə çörək və un məmulatlarının istehsalı üzrə ixtisaslaşan “ATS Food” MMC arasında mövcud əməkdaşlıq münasibətləri çərçivəsində təsis olunub.

 

Universitetin rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərovla “ATS Food” MMC-nin icraçı direktoru Tural Hacıyev arasında 26 yanvar 2024-cü il tarixdə keçirilən görüşdə razılaşma əldə olunub, müvafiq saziş imzalanıb.
 

Razılaşmaya əsasən, xüsusi təqaüd universitetin “Qida mühəndisliyi”, “Şərabçılıq” və “Ekologiya mühəndisliyi” ixtisaslarında təhsil alan, ən yüksək akademik göstəricilərə malik 2 tələbəsinə veriləcək. Təqaüd hər tələbə üçün 100 manat məbləğində müəyyən olunub.
 

Qeyd edək ki, ATU tələbələri üçün xüsusi təqaüd ötən ilin dekabrında mövcud əməkdaşlıq çərçivəsində “Azəralüminium” MMC tərəfindən də təsis edilib. Ümumiyyətlə, universitet-sənaye əlaqələrinin gücləndirilməsini hədəfləyən Azərbaycan Texnologiya Universiteti son 1 ildə bir çox iri sənaye müəssisələri ilə əməkdaşlıq memorandumları imzalayıb, mövcud əlaqələri genişləndirib.

 

 



29.01.2024 | 12:30