“Gəncliyin BİR həftəsi 5” adlı layihə çərçivəsində tədbirlər keçirilib

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə 2 Fevral- Azərbaycan Gəncləri Günü münasibəti ilə keçirilən “Gəncliyin BİR Həftəsi 5” layihəsində 200-dən çox tələbə-könüllü iştirak edib.

 

Layihə gənc tələbə-könüllülərin şəxsi inkişafının təmin olunması, dünyagörüşlərinin formalaşdırılması, asudə vaxtlarının səmərəli dəyərləndirilməsi məqsədi daşıyıb. Layihə çərçivəsində gənclərin sağlam ruhda yetişməsi və komanda işinin gücləndirilməsi məqsədi ilə “Zuğulba” Tədris idman bazasında şahmat, voleybol, futbol, stolüstü tennis olmaqla, dörd fərqli idman növü üzrə həvəskar turnirlər təşkil olunub. “Karyera planlaması”, “Beynəlxalq təmsilçilik”, “Enneaqramla yenidən özümüzü kəşf edək” və “Auditoriya qarşısında çıxış” mövzularında interaktiv təlimlər də keçirilib.

 

Ekoloji fəaliyyətləri daim gündəmdə saxlayan “Bir” tələbə-könüllülər həftə çərçivəsində Xəzər dənizinin sahillərində “Tullantılara yox deyək!” şüarı ilə təmizlik aksiyası keçiriblər. Eyni zamanda “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna, STEAM İnnovasiya Mərkəzinə, Azərbaycan Dəmiryol Muzeyinə ekskursiyalar təşkil olunub, gənclər arasında əyləncəli mühitin formalaşdırılması, şəbəkələşmənin təmin olunması məqsədi ilə peyntbol oyunu, kartinq yarışı və musiqili proqramlar həyata keçirilib.

 

Qeyd edək ki, layihə çərçivəsində, ümumilikdə 17 tədbir təşkil olunub.



02.02.2024 | 16:53