Türk astronavtı Beynəlxalq Kosmik Stansiyadan Yerə qayıdır

Türkiyənin ilk astronavtı Alper Gezeravcının Beynəlxalq Kosmik Stansiyadan  Yerə dönüşü başlayıb. Türk mediası xəbər verib ki, astronavt Gezeravcının olduğu Dragon kapsulu dünən Türkiyə vaxtılə 17.20-də stansiyadan ayrılıb və Yerə səyahətin, təxminən 48 saat çəkəcəyi gözlənilir.

 

Alper Gezeravcı ilə birlikdə kosmosa uçan digər astronavtları da daşıyan kapsul Atlantik okeanında və Meksika körfəzinin qərbində yeddi potensial nöqtədən birinə enəcək. Kapsul suya endikdən sonra astronavtlar gəmiyə götürüləcək və onların ilk müayinəsi orada aparılacaq.

 

Komanda gəmidən vertolyotla hava limanına, daha sonra isə təyyarə ilə Hyuston şəhərinə aparılacaq. Təyyarədə olan həkimlər uçuş zamanı astronavtların ümumi müayinələrini də həyata keçirəcəklər. Astronavtlar Hyustonda hərtərəfli sağlamlıq müayinəsindən keçəcək və bir müddət karantində qalacaqlar.

 

Xatırladaq ki, Alper Gezeravcını kosmosa aparan kosmik vasitə yanvarın 16-da ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən buraxılıb. Komanda 20 yanvarda Beynəlxalq Kosmik Stansiyaya daxil olub.

 

Gezeravcı stansiyada olduğu müddətdə 13 elmi istiqamətdə təcrübələr aparıb.

 



08.02.2024 | 09:31