IV Azərbaycan Astronomiya Olimpiadasının ilk mərhələsi keçirilib

Fevralın 10-da ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında IV Azərbaycan Astronomiya Olimpiadasının ilk mərhələsi keçirilib.

 

Bakı Dövlət Universitetindən (BDU) bildirilib ki, onlayn şəkildə keçirilən olimpiadada iştirak etmək üçün 1190 şagird qeydiyyatdan keçib.

 

Olimpiadanın təşkilatçıları Azərbaycan Respublikasının Təhsil İnstitutu, BDU, Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzidir. Təşkilat komitəsinin qərarına əsasən, mümkün 46 balın minimum 50%-ni, yəni, ən azı 23 bal toplayan iştirakçılar olimpiadanın final mərhələsinə vəsiqə qazanıblar. Finalda iştirak haqqı qazanan şagirdlərə yaxın günlərdə daha ətraflı məlumat veriləcək.

 

Qeyd edək ki, IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsinin qalibləri Braziliyada keçiriləcək XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar. Hazırlıq dərsləri BDU və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən mərkəzdə təşkil ediləcək.

 

IV Azərbaycan Astronomiya Olimpiadası və XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.

 

 



12.02.2024 | 14:00