Universitetlərimiz 2025-ci il dünya reytinqinə düşmək istərdimi?

Böyük Britaniyanın “Times Higher Education” (THE) nəşri “World University Rankings 2025”  dünya sıralaması üçün məlumatların toplanmasına start verildiyini açıqlayıb. Maraqlanan universitetlər artıq 2024-cü ilin oktyabrında yayımlanacaq əsas reytinq cədvəlinə daxil olmaq üçün məlumat verə bilərlər. Portal  martın 30-da bağlanacaq. İştirak haqqı yoxdur, reytinqə yalnız portal vasitəsilə məlumat verən təhsil müəssisələri daxil ediləcək.  Dünya üzrə ali təhsil müəssisələri növbəti ilin qlobal reytinqində təmsil olunmaq üçün  öz məlumatlarını “Times Higher Education”-nun aşagıdakı səhifəsinə göndərə bilərlər: [email protected].

 

Qeyd edək ki, ötən il 89-u Asiyadan, 19-u Afrikadan, 14-ü isə Cənubi Amerikadan olmaqla, 165 yeni ali məktəb ilk dəfə reytinqə daxil olub.  Bu il onlara kimlər qoşula biləcək?
THE-nin beynəlxalq reytinq agentliyinin qlobal məsələlər üzrə rəhbəri Phil Bati bu barədə özünün Linkedin səhifəsində yazır:

 

“Dünya reytinqləri yüksək elmtutumlu qlobal universitetlər üçün nəzərdə tutulduğundan, universitetlər reytinqdə iştirak etmək üçün son beş ildə (Scopus indeksli) ən azı 1000 tədqiqat məhsulu dərc etdirməlidirlər. Beləliklə, dünyanın təxminən 30000 ali təhsil müəssisəsindən yalnız 3000-ni sıralana bilər. Düşünürəm ki, bu həddə sadiq qalacağıq və dünyada tədqiqat potensialı artdıqca uyğun universitetlərin sayının da artdığını qəbul edəcəyik”.

 

Oruc MUSTAFAYEV

 



12.02.2024 | 16:54