Bu il peşə təhsili müəssisələrinin 287 məzunu subbakalavr dərəcəsi alacaq

Bu il 287 nəfər yüksək texniki peşə təhsili səviyyəsindən məzun olaraq subbakalavr dərəcəsi alacaq.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən  “Azərbaycan müəllimi” qəzetinə bildirilib ki, növbəti tədris ilində əlavə olaraq alternativ enerji mənbələri, həmçinin dron texnologiyası ilə bağlı ixtisaslara  qəbulun aparılması planlaşdırılıb.

 

Qeyd edək ki, 2023/2024-cü tədris ilində yüksək texniki peşə təhsili səviyyəsi üzrə 19 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib və 1209 nəfər tələbə adını qazanıb.

 

Ötən il yüksək texniki peşə təhsili səviyyəsindən məzun olanların sayı isə 24-dür. Onlardan 22 nəfər ali məktəblərə qəbul üzrə müsabiqəyə qatılıb və 21 nəfər ali təhsil almaq hüququ qazanıb. Hazırda 10 nəfər dövlət vəsaiti hesabına, 11 nəfər isə ödənişli əsaslarla ölkəmizin müxtəlif ali təhsil müəssisələrində oxuyur.

 

Ruhiyyə DAŞSALAHLI

 



13.02.2024 | 09:38