ADNSU-da yeni tədris laboratoriyası yaradılacaq

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Rusiya Federasiyasının “Enerjinet” şirkətinin, eləcə də Mərkəzi Asiya və Azərbaycan regionlarını təmsil edən “Tavrida Elektrik” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

 

ADNSU-nun rektoru vəzifəsini icra edən dosent Vazeh Əsgərov qonaqlara universitetin tədris və elmi nailiyyətləri, fakültələri, ixtisasları, məqsədləri haqqında məlumat verib. 

 

Daha sonra Rusiya Federasiyasının “Enerjinet” şirkətinin komandasına rəhbərlik edən Oleq Qrinko və Mərkəzi Asiya və Azərbaycan regionlarını təmsil edən “Tavrida Elektrik” şirkətinin direktoru Bəhruz Maxarov şirkətlərin fəaliyyət istiqamətləri barədə məlumat veriblər. 

 

ADNSU-nun energetika fakültəsində laboratoriyanın yaradılması ilə bağlı təklif və planlar ətrafında müzakirələr aparılıb.

 

Energetika fakültəsinin dekanı dosent Aydın Əliyevin rəhbərliyi ilə təşkil olunan görüşün əsas məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsi və təkmil tədris proqramlarının aparılmasına yönəlmiş elmi-tədqiqat, tədris laboratoriyasının yaradılmasının müzakirəsi olub. Bu proqramlar və texnologiyalar rəqəmsal paylanmış elektrik şəbəkələrinin istifadəsinə, planlaşdırılmasına, modelləşdirilməsinə və təhlilinə, elektrik avadanlıqlarının diaqnostikasına, enerji sistemlərinin dayanıqlığının öyrənilməsinə və enerji sisteminin işinin optimallaşdırılmasına yönəlib.

 

Görüşdə yaxın vaxtlarda təşkilati işlərin aparılması və cari ilin sentyabr ayından laboratoriyanın yaradılmasına başlanılması razılaşdırılıb. 

 

Bundan əlavə, gələcəkdə bərpa olunan enerji texnologiyaları, paylanmış enerji şəbəkələri, hidrogen enerjisi və enerji anbarı üzərində işləmək planları hazırlanıb.

 



15.02.2024 | 10:42