SABAH.HUB ilk dəfə “University Demo Day” tədbirini keçirib

“SABAH.HUB” çətiri altında yer alan SABAH.Academy platforması çərçivəsində ilk “University Demo Day” tədbiri  keçirilib. Ekosistemin investor və startaplarını birləşdirən Baku ID tədbirinin son 2 ildə baş tutan uğurlu nəticələrindən sonra bu il yenidən həyata keçirilməsi gözlənilir.  “University Demo Day” Baku ID tədbirlər silsiləsinə aiddir. Tədbirin əsas məqsədi SABAH.Academy tələbələrinin sahibkarlıq ruhunu inkişaf etdirməklə yanaşı, əsas nailiyyətlərini tərəfdaşlara nümayiş etdirməkdir. Beləliklə, bu tədbir sadəcə bir yarışma deyil, gələcək sahibkarlar nəslini yetişdirmək, həmçinin Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verməyə yönəlib.

 

Təqdimat formatında olan çıxışlar dörd universitet (BDU, AzTU, UNEC SABAH qrupları və DİA) tələbələrinin  iştirakı ilə keçirilib.  İki turdan ibarət olan yarışmaya, ümumilikdə 19 komanda qoşulub. Final mərhələsinə yüksələn komandalar arasından ilk üç yerin qalibi müxtəlif hədiyyə və sertifikatlarla təltif olunublar.

 

Tədbirdə Elm və Təhsil Nazirliyinin və  Təhsil İnstitutunun rəsmiləri, həmçinin ali təhsil müəssisələrinin, sponsorların, aparıcı şirkətlərin və startap ekosisteminin bir sıra nümayəndələri iştirak ediblər.

 

“University Demo Day” tədbirinin baş sponsoru qismində “Code Academy”, sponsorlar kimi isə “Baku Electronics” və “Uniwork” şirkətləri yer alıb.

 

Qeyd edək ki, SABAH.Academy Elm və Təhsil Nazirliyinin nəzdində yaradılmış, Təhsil İnstitutu və beynəlxalq biznes məktəbi olan IE Biznes Məktəbi ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. SABAH.Academy bir təhsil platforması kimi sahibkarlıqla bağlı mürəkkəb bilikləri sadələşdirərək, onları hər kəs üçün əlçatan edir.

   

Yarışın nəticələrinə əsasən, qalib komanda üzvləri  SABAH. Akademy tərəfindən sertifikat və hədiyyələrlə təltif olunublar. I yerin qalibi  UNEC SABAH qruplarının  “Xeyir” komandası baş sponsor  “Code Academy” tərəfindən bütün komanda uzvlərinə ödənişsiz təhsil imkanı,  II  yerin qalibi UNEC SABAH  qruplarının   “Hire Fire” komandası sponsor   “Baku Electronics”   tərəfindən bütün komanda üzvlərinə 300 AZN-lik hədiyyə kuponu, III yerin qalibi BDU-nun  Edu Wiz  komandası sponsor “Uniwork”  tərəfindən bütün komanda üzvlərinə çalışma zonasından 2 aylıq ödənişsiz istifadə fürsəti qazanıblar.

                                                              

Rəşad ZİYADOV

 



15.02.2024 | 19:36