"Firidun bəy Köçərli" adına mükafatın təqdim olunması ilə bağlı tədbir keçirilib

AzEdu.az Təhsil Portalının təşkilatçılığı ilə "Firidun bəy Köçərli" adına mükafatın təqdim olunması ilə bağlı tədbir keçirilib.

 

Mükafatlandırma mərasimində AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, AzEdu.az Təhsil Portalının icraçı direktoru Tünzalə Abbasova və "Firidun bəy Köçərli" adına mükafata layiq görülən namizədlər iştirak ediblər.

 

AzEdu.az Təhsil Portalının icraçı direktoru Tünzalə Abbasova mükafat qaliblərini təbrik edərək tədbiri açıq elan edib.

 

Sonra çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri deputat Fazil Mustafa Beynəlxalq Ana Dili Günündə belə bir mükafatın verilməsini müsbət hadisə kimi qiymətləndirib:

 

“Əziz iştirakçılar, şəhid anası, görkəmli ziyalılarımız, hər birinizi təbrik edirəm. Bu gün Beynəlxalq Ana Dili Günüdür. Ana dili yalnız vətəndaşların ünsiyyət vasitəsi deyil, həm də onların beynəlxalq arenada tanınmasının səbəbidir. Belə bir gündə “Firidun bəy Köçərli” adına mükafatın verilməsi çox vacibdir. Firidun bəy Köçərli Azərbaycan dili ilə bağlı böyük işlər görüb. Onun adının tanıdılması, maarifçilik hərəkatının yenidən başlandığının göstəricisidir. Mükafatın verilməsini təyin edən heyətə təşəkkür edirik. Amma görüləsi işlər bitməyib. Hələ görüləcək işlər çoxdur. Maarifçilik üçün indi böyük şərait var. Ziyalılarımız, tərəqqipərvər insanlar bu sahədə xüsusi səy göstərməlidir. Bu mükafat üzərimizə ciddi məsuliyyət də qoyur. Daha çox uğurlar əldə etməliyik. Çalışmalıyıq ki, xalqımız cəhalətə təslim olmasın".

 

Əməkdar jurnalist Elşad Eyvazlı iştirakşılara təhsil sahəsində uğurlarının  davamlı olmasını arzulayıb. Əminliyini bildirib ki, mükafat sahibləri təhsil sahəsində bundan sonra da mühüm işlər görəcək.

 

Professor Zahid Məmmədov  isə qeyd edib ki, ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə əmək bazarının dəyişən tələblərinə uyğun olaraq tədris planlarının və proqramlarının davamlı təkmilləşdirilməsi istiqamətində daim işləmək lazımdır.  

 

Sonda isə qaliblərə mükafatlar təqdim olunub.

 

Qeyd edək ki, "Firidun bəy Köçərli" adına mükafata elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatı Fazil Mustafa, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, REAL Təhlil İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev, şəhid anası, Zaqatala rayonu Aşağı Tala 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Südabə Qazıyeva, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, professor Zahid Məmmədov, təhsil eksperti Elçin Əfəndiyev,  Bakı şəhəri M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbin direktoru Nəsimi Quliyev, Cəlilabad rayonu Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Samirə Əmrahova layiq görülüblər.

 

Mükafat təhsilin inkişafında xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş ictimaiyyətə çatdırmaq məqsədi daşıyır.

 

 



21.02.2024 | 20:03