“Alimlər şəhərciyi”nin təməli qoyulub

Martın 9-da Abşeron rayonunun Saray qəsəbəsində AMEA əməkdaşları üçün salınacaq “Alimlər şəhərciyi” (“Science City”) yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib.

 

Mərasimdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək son illər rəhbərlik etdiyi qurumda əməkdaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini bildirib. O, akademiya tarixində ilk dəfə olaraq tikiləcək yaşayış kompleksinin ən uğurlu layihələrdən biri olduğunu vurğulayıb. Əlavə edib ki, əməkdaşların sosial problemlərinin həlli ilə bağlı işlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılacaq.

 

Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə son illər ölkəmizdə sosial sahədə uğurlu dövlət siyasətinin həyata keçirildiyini qeyd edən akademik Akif Əlizadə əhalinin sosial rifahının yüksəldilməsi, mənzil şəraitinin yaxşılaşdırılması üzrə genişmiqyaslı və ardıcıl tədbirlərin reallaşdırıldığını vurğulayıb. Qeyd edib ki, akademiya tarixində mühüm hadisə olan “Alimlər şəhərciyi”nin inşası da bu istiqamətdə atılan məqsədyönlü addımlardan biridir.

 

 Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova mərasimdə çıxış edərək yeni kompleksin tikilməsinin  əhəmiyyətini qeyd edib, onun ekoloji təmiz havası olan ərazidə yerləşdiyini diqqətə çatdırıb. Qeyd edib ki, burada müvafiq sosial infrastrukturun yaradılması, həmçinin ictimai iaşə, məişət, məktəb, uşaq bağçası və digər xidmət obyektləri üçün qeyri-yaşayış sahələrinin də istifadəyə verilməsi nəzərdə tutulur.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov elm şəhərçiyinin təməlinin qoyulmasını mühüm tarixi hadisə kimi qiymətləndirərək, bu layihəyə təhsil işçilərinin də qoşulmasının məqsədəuyğun olduğunu vurğulayıb. 

 

Sonra akademik Akif Əlizadə rəmzi lenti kəsərək "Science City" yaşayış kompleksində inşa ediləcək ilk binanın təməlini qoyub.

 

Qeyd edək ki, 7 hektarlıq ərazidə reallaşdırılacaq bu layihə çərçivəsində, ümumilikdə 18 bloklu binanın tikilməsi və 1928 mənzilin istifadəyə verilməsi nəzərdə tutulur. İlk binanın inşasının isə 2 ilə başa çatdırılması planlaşdırılır.



09.03.2018 | 18:25