Azərbaycan multikulturalizminin tədrisi üçün Koreyanın İNHA Universiteti ilə müqavilə imzalanıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tədris istiqamətində fəaliyyətini genişləndirir.

 

BBMM-dən bildirilib ki, Mərkəz  Koreyanın İNHA Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Müqaviləni mərkəzin icraçı direktoru Rəvan Həsənov və İNHA Universitetinin Multikultural təhsil departamentinin dekanı professor Younqsoon Kim imzalayıblar.

 

Müqavilə “Multikulturalizm və interkulturalizm” kursunun inteqrasiyasını əhatə edir. Bu çərçivədə kurs iştirakçılarına Azərbaycan multikulturalizmi tədris olunacaq. Kursa magistr, fəlsəfə doktoru və yerli mütəxəssislər dinləyici kimi cəlb ediləcəklər. İNHA Universitetinin professoru Younsub Oh və doktorant Leyla Məsimli dinləyicilərə mühazirələr oxuyacaq. Kursun iştirakçıları arasından seçilmiş tələbələr üçün təlimlər təşkil olunacaq. Eyni zamanda, həmin tələbələrin Azərbaycandakı multikultural mühitlə yaxından tanış olmaları üçün Mərkəzin Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi çərşivəsində ölkəmizə səfəri həyata keçiriləcək.
 

İNHA Universiteti mühəndislik, biznes inzibatçılığı, tibb, sosial elmlər sahəsində Cənubi Koreyanın lider universitetlərindən biridir. Reytinqə görə Cənubi Koreyada 189 universitet arasında 8-ci yerdə olan İNHA Universitetinin dünyanın bir çox nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələri var. 20 mindən çox tələbəsi olan universitetdə müxtəlif tədqiqatlar aparılır.

 

Qeyd edək ki, “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsini BBMM 2015-ci ildən həyata keçirir. Hazırda bu layihə çərçivəsində dünyanın 26 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur.
 

 



05.03.2024 | 13:00