Naxçıvanda məktəbəqədər təhsil müəssisələrinə sənəd qəbulu elektron qaydada aparılır

Cari ildən etibarən Naxçıvan Muxtar Respublikasında məktəbəqədər təhsil müəssisələrinə  uşaqların qəbul prosesi elektron qaydada  www.bq.edu.az üzərindən aparılır. Belə ki, hazırda sistem üzərindən 240 valideyn (qanuni nümayəndə) elektron kabinet yaradıb, həmin valideynlər tərəfindən məktəbəqədər təhsil müəssisələrinə 380 növbə yerləşdirilib.

 

Valideynlər  3 məktəbəqədər təhsil müəssisəsinə qədər seçim edərək, növbəyə yazıla bilərlər. Növbələrdən hər hansı biri sistem tərəfindən təsdiqlənərsə, uşağın digər məktəbəqədər təhsil müəssisələrinə olan növbələri silinəcək. Valideyn tərəfindən yerləşdirilmiş növbələr 1 ay müddətində boş qaldığı halda sorğuya çevriləcək. Valideyn sorğusu qəbul edildikdən sonra 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.

 

Məlumat üçün bildirək ki, Naxçıvan Muxtar Respublikası üzrə uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi 20 məktəbəqədər təhsil müəssisəsi üzrə 201 qrup təşkil edir.   

 

 



12.03.2024 | 11:14