Aşqarlar Kimyası İnstitutunda gənclərin elmi müsabiqəsi keçiriləcək

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan gənclərin elmi müsabiqəsi keçiriləcək.  

 

İnstitutun icraçı direktoru, kimya elmləri doktoru, professor Əfsun Sucayev bildirib ki, hər il institutda çalışan gənc alim, mütəxəssislərin elmə daha da həvəslənməsi üçün ənənəvi “Ən yaxşı elmi məruzə” adlı müsabiqələr keçirilir. Bu ilki müsabiqə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilib: “Gənclərimizin ətraf mühütün ekoloji sağlamlaşdırılması və problemlərinin həllini əhatə edən, konkret olaraq neftlə çirklənmiş ərazilərin təmizlənməsi, kənara atılan yağların regenrasiyası, turş qudronun emalı və sair istiqamətdə apardıqları tədqiqatların nəticələri ilə bağlı məruzələri dinləniləcək, seçilən alimlər diplom və pulla mükafatlandırılacaq”.

 

Ə.Sucayev qeyd edib ki, eyni zamanda iyun ayında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Türkiyə universitetləri ilə birlikdə ”Yaşıl kimya” fundamental və tətbiqyönlü kimya elminin vacib bir istiqaməti” adlı gənc alim və mütəxəssislərin beynəlxalq onlayn elmi seminarının keçirilməsi planlaşdırılır.

 



06.04.2024 | 15:44