Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd olunub

1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizmə qarşı mübarizədə böyük şöhrət qazanmış, Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazmış Mehdi Hüseynzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə “Mehdi Hüseynzadə-100” adlı tədbir keçirilib.

 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

 

Sonra məktəbin hərbi rəhbəri Fərid Məmmədov qəhrəmanın şərəfli həyat yolu haqqında ətraflı məlumat verib. Qeyd olunub  ki, Mehdi Hüseynzadə çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanıb. O, Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazıb. Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün Vətənimizi layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir.

 

Çıxış edənlər dövlətimizin Mehdi Hüseynzadənin xatirəsinə olan dərin ehtiramını da xüsusi qeyd ediblər.

 

Rəşad ZİYADOV



01.11.2018 | 16:35