3 cildlik “Qarabağ Sizsiz...” kitabının təqdimatı olub

Fizika, riyaziyyat və informatika təmayüllü liseydə  3 cildlik “Qarabağ Sizsiz...” kitabının təqdimatı keçirilib.  Tədbirdə Aprel, Tovuz döyüşlərində və 44 günlük Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin valideynləri, qazilər, Vətən Müharibəsi Qəhrəmanları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Liseyin direktoru Tarıyel Talıbovun açılış nitqindən sonra “Qarabağ Sizsiz ...” kitabının tərtibatçisi, ideya müəllifi, məktəbin müəllimi Günay Şərifzadə nəşr haqqında məlumat verib. O, kitabın  ərsəyə gəlməsində zəhməti olanlara təşəkkürünü bildirib. Həm də kitabın birinci cildinin ilk dəfə 11c sinfində oxuyan şagirdlərin köməyi ilə yazıldığını və sonrakı nüsxələrinin isə 10-cu sinif şagirdlərinin iştirakı ilə tamamlandığını qeyd edib.  Müəllif kitabın adı ilə də bağlı qısaca məlumat verib. Qeyd edib ki, “Qarabağ Sizsiz ...” adını Milli Qəhrəman Polad Həşimovun övladı, liseyin 11ç sinif şagirdi Davud Həşimov təklif edib:”Bu ad iki mənada düşünülür. Qarabağ Sizsiz, yəni Siz elə Qarabağın özüsüz. Digər mənası: Qarabağ azaddır, amma fiziki olaraq Sizsizdir”.

 

Tədbirdə Milli Qəhrəman Polad Həşimovun  həyat yoldaşı, Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin məsləhətçisi  Ofelya Salmanova, Qarabağ müharibəsinin şəhidi  Amal Qarayevin  atası, məktəb direktoru Ədalət Qarayev və digər şəhid ataları, anaları çıxış ediblər.

 

Sonda  “Qarabağ Sizsiz...” kitabı tədbir iştirakçılarına paylanılıb.

                                 

Şakir CƏFƏROV

 



06.04.2024 | 16:56