10 pilot peşə təhsil müəssisəsi qurulur

“Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə ilkin mərhələdə 2020-ci ilədək müxtəlif istiqamətli 10 pilot peşə təhsil müəssisəsinin qurulması hədəf indikator olaraq müəyyən edilib. Bu məqsədlə iqtisadiyyatın prioritet istiqamətləri, işəgötürənlərin tələbləri və dövlət peşə təhsili müəssisələrinin mövcud vəziyyəti araşdırılıb və əmək bazarında tələbatın yüksək olduğu prioritet sahələr üzrə ixtisaslı yeni kadrlar hazırlaya biləcək 10 pilot peşə təhsili müəssisəsi seçilib.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor əvəzi Amil Əlili “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, pilot peşə təhsili müəssisələrinin Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Mingəçevir Peşə Məktəbi, Cəlilabad Peşə Liseyi, Bərdə Peşə Liseyi, Saatlı Peşə Liseyi, Lənkəran Peşə Liseyinin bazasında yaradılması nəzərdə tutulur: “Strateji yol xəritəsinə əsasən, pilot peşə təhsili müəssisələrinin müasir standartlara cavab verməsi və tələbata uyğun fəaliyyət göstərə bilməsi üçün onların əsaslı təmiri və ya yeni peşə təhsili müəssisələrinin tikintisi nəzərdə tutulur. Bu istiqamətdə görülən işlər çərçivəsində müasir standartlara cavab verən Qəbələ Peşə Təhsil Mərkəzi artıq istifadəyə verilib. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında isə Koreya təhsil standartları əsasında yeni Peşə Təhsil Mərkəzinin tikintisi davam etdirilir. Mərkəzin tikinti və təchizat işlərinin 2019-cu ilin iyun ayına qədər başa çatdırılması planlaşdırılır. Nümunəvi peşə təhsili müəssisəsində təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi ilə yanaşı, peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyətin təlimləndirilməsi üçün də əlverişli şərait yaradılacaq”.

 

“ASAN Peşə” Təhsil Mərkəzi də Mingəçevirdə qurulan pilot peşə təhsili müəssisəsinin tərkib hissəsi kimi müasir infrastruktur və maddi-texniki baza ilə təchiz olunub.   

 

Eyni zamanda, 4 pilot peşə təhsili müəssisəsinin (Texnika və Texnologiyalar, Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzləri, Bərdə və Cəlilabad peşə liseyləri) təmiri, tikintisi və tam yenidən qurulması üçün cari ilin dövlət büdcəsindən maliyyə vəsaiti ayrılıb.

 

Ruhiyyə Daşsalahlı



05.11.2018 | 13:10