Məktəbdə bağça yaradıb qrant qazandılar - REPORTAJ
Səbinə, Fatimə, Kənan, Cahid, Sübhan, Fidan 3 yaşındadır, Aylin, İnci, Mələk, İbrahim, Pərvanə, Yaşar, Əsnad 4 yaşında. Bəlkə inanmayacaqsınız, amma onlar eyni sinifdə təlimə cəlb ediliblər. Məktəbə, həyata burda hazırlanırlar. Bu qrupun 4 yaşlı üzvləri növbəti tədris ilindən ayrılacaq, məktəbə elə məktəbdəcə, amma bu dəfə məktəbəhazırlıq qrupunda hazırlanmağa davam edəcəklər. 
 
Söhbət Qala qəsəbəsi 216 nömrəli tam orta məktəbdən gedir. Burada “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində mart ayının 1-dən 20 nəfərlik məktəbəqədər qrup təşkil edilib. 
Yəni, bir məktəbin eyni sinif otağına yığışan 3-4 yaşlı balaca ürəklər öyrənmək üçün çırpınır. Onların öyrənmək həvəsini görmək istəyənlər mediatur çərçivəsində həmin məktəbin qonağı oldu. Belə ki, “Azərbaycan müəllimi”nin də aralarında olduğu media nümayəndələri, Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının baş müəllimi Xalidə Musayeva Həmidova və digər qonaqlara həmin alternativ məktəbəqədər sinfin uşaqları üçün yaradılan şəraitlə tanış olmaq imkanı yarandı.
 
3 yaşından məktəbə hazırlaşırlar
 
Sinif otağına girib orada körpə “məktəbli” görmək Azərbaycanda ilk hadisə olmasa da, çox rastgəlinən də deyil. Hər biri öz sərbəstliyi ilə seçilir. Qarşısındakı ev rəsmini boyayan, boyayıb bitirdiyi rəsmi göstərib “əhsən” gözləyənlər də var, başını elə masasının üstünə qoyub mışıl-mışıl yatan da. Bir neçəsi də bu gün üçün xüsusi hazırlaşıb. Üz gözünü bəzəyib, ən sevdiyi paltarını geyinib gəlib. Çox həvəsli görünür, sevinclə qonaqları nəzərdən keçirir, onlarla söhbətə girişməkdən çəkinmirlər. 
 
Sinifdə uşaqlarla eyni vaxtda 2 nəfər məşğul olur, biri tərbiyəçi müəllim, o birisi dayədir.
 
Qrupun dayəsi Ülkər Mövsümovadır. O, uşaqların da, sinfin də təmizliyinə nəzarət edir, uşaqların səliqəsinə diqqət yetirir, ailələrinin uşaqlar üçün qoyduğu yeməyi yedirir, lazım gələndə geyimlərini dəyişdirir, uşaqların çətinlik çəkdiyi bütün məsələlərdə onlara kömək edir. 40 yaşlı Ülkər xanım indiyədək heç işləməyib. Evdar xanım həyatını yaxınlığında yaşadığı 216 nömrəli tam orta məktəbdə başlayacaq layihə barədə eşidəndə dəyişməyə qərar verib: “Bacım burada işləyir. Uşaqları nə qədər çox sevdiyimi bilirdi. Ona görə bu layihə barədə eşidəndə mən ağlına gəlmişəm. Mənim də çox ürəyimdən oldu və dərhal müraciət etdim. Yaxşı ki, qəbul edildim. İşimdən çox razıyam”.
 
Ülkər xanım deyir uşaqları valideynlərdən alıb, təlimin sonunda valideynlərə təhvil verirlər: “Valideynlərlə birgə iclaslarımız olur, çox razılıq edir, uşaqları həvəslə gətirirlər.
 
Elə balacalar da həvəslidirlər. Hiss olunur ki, tərbiyəçi-müəllimlərini də çox sevirlər.  Əlinə rəsmini alıb müəlliminin ətəyindən yapışanların gözlərindəki sevgini görməmək mümkün deyil. Müəllim Ulduz Əhmədova da bu sevgini qazanmaq üçün əlindən gələni edib. İlk növbədə onların qarşısına çıxana qədər yaxşıca hazırlaşıb. O, ailə və ev təhsili ixtisası üzrə Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecinin məzunudur. Sonra keçmiş Qafqaz universitetində ixtisası üzrə təhsilini davam etdirib. Tərbiyəçi-müəllim olmaq üçün oktyabr ayından təlimlərə qatılıb, psixoloji testdən keçib və özünü təsdiq edib: “Bu ərazidə, üstəlik, bu uşaqların gələcəkdə oxuyacaqları məktəbdə belə bir layihənin icrası çox böyük uğurdur. Elə mənim üçün də çox uğurlu iş oldu. İndiyədək işləməmişdim. Hərbçi yoldaşıyam və onun işi ilə bağlı bu ərazaidə yaşayırıq”.
 
Hər gün ona verilmiş proqram əsasında uşaqların fiziki, əqli inkişafına yönələn oyunları uğurla icra edən Ulduz müəllim deyir ki, bir tərbiyəçi- müəllim kimi üzərinə düşən vəzifəni layiqi ilə icra edə bilmək üçün əlindən gələni əsirgəmir. Valideynlərlə yaxşı əlaqələr qurub: “Hər gün valideynləri məlumatlandırır, videolar çəkib onlarla da paylaşıram. Uşaqların inkişafını görmək onları da çox sevindirir”.
 
“Bu layihə həm də məktəblərarası əlaqənin ən yaxşı nümunələrindəndir”. 
 
Bunu da 216 nömrəli məktəbdə həyata keçirilən bu layihənin rəhbəri, başqa bir ümumtəhsil müəssisəsinin – Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyeva deyib: “Bu ərazidə məktəbəqədər təhsil səviyyəsində uşaqların təhsilə cəlbində problem olduğunu ötən ilin sentyabrında müşahidə etmişdim. Bir az sonra Elm və Təhsil Nazirliyinin elan etdiyi pilot proqramı görəndə çox sevindim. Bu məktəbin direktoru Səidə xanımla danışıb layihəni qrant müsabiqəsinə təqdim etdim. Xoşbəxtəm ki, qalib 16 layihədən biri mənim hazırladığım təklif oldu”.
Ümumi təhsil sahəsində püxtələşən məktəb direktoru məktəbəqədər təhsil səviyyəsində həyata keçirdiyi layihəyə uyğunlaşmaqda xeyli əziyyət çəkib: “Ona görə xeyli araşdırdım, özüm də öyrəndim. İndi bu layihəni genişləndirməyi düşünürəm. Növbəti qrant müsabiqəsində bunun üçün yenidən müraciət edəcəyəm”.
 
Məktəbdə təşkil edilən məktəbəqədər qrupa 70-dən çox müraciət oldu, cəmi 20 nəfər seçildi
 
216 nömrəli məktəbin derektoru Səidə Rəhimova həyata keçirilən layihənin genişləndirilməsi üçün şərait yaratmağa hazırdır. Bunun üçün ciddi səbəbləri də var: “Qala hərbi şəhərciyinin yaxınlığında yerləşən bu ərazidə sosial-iqtisadi durum ürəkaçan deyil, nəqliyyatla  bağlı problemlərimiz var. Məktəbəqədər müəssisə yalnız hərbi şəhərcikdə var, orada da hərbçilərimizin uşaqları təlimlərə cəlb edilib. Odur ki, ərazidə məktəbəqədər təhsil müəssisəsinə ciddi tələbat hiss olunur. Ərazidə yaşayan qadınların böyük əksəriyyəti gül, göbələk yetişdirilən istixanalarda çalışırlar və uşaqlar üçün məktəbimizdə belə bir şəraitin yaradılması onların həyatını yüngülləşdirdiyindən hər birinin ürəyindən olub”.
 
Layihəyə başlamadan keçirdikləri sorğu da bunu göstərib. Qısa müddət ərzində 70-dən çox şəxs uşağını qrupa yerləşdirmək üçün müraciət edib: “Məcburən ən tez müraciət edən 20 nəfəri qəbul etdik. Küsənlər çox oldu və düşünürük ki, qısa müddətdə elə bu otaqda daha bir qrup da aça bilərik. Çünki layihə özünü qısa müddətdə doğrultdu”.
 
Səidə xanım deyir lazım gələrsə, daha bir otaq da ayıra bilər: “Tələbat olarsa, bu otağın yanındakı otaqdan da bu məqsəd üçün istifadə edə bilərik”.
 
Direktor ümumtəhsil müəssisəsində məktəbəqədər təhsil qrupu üçün tam şərait olduğuna əmindir: “Məktəbdə təbəqələşmə var. Bu sinfin yerləşdiyi mərtəbədə V-VI sinif şagirdləri təhsil aldığından onlar məktəbəqədər qrupun təlimlərinə mane olmurlar”.
 
216 nömrəli məktəb tək deyil
 
Məktəblə bir məktəbəqədər qrup arasında əlaqə qura bilmədiniz bəlkə. Gələk, 3-4 yaşlı uşaqların niyə bir məktəbdə, bir sinif otağında təlimə cəlb olunduğuna. Bunu Elm və Təhsil Nazirliyi Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva açıqlayıb. Onun sözlərinə görə, təmsil etdiyi qurum 2023-cü ildən alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili üçün qrant elan edib. Qrant üçün müsabiqədə 16 layihə uğur qazanıb. Həmin layihələr müxtəlif - Bakı, Lənkəran, Şəki, Şirvan, Naxçıvan, Füzuli, Zaqatala, Masallı, Astara, Göygöldə icra olunur. Ümumilikdə qrant proqramına 500-dən çox uşaq cəlb edilib. Həmin layihələrdən biri məhz burada – Qala qəsəbəsi 216 nömrəli tam orta məktəbdə reallaşdırılır. Layihənin mahiyyətinə diqqət çəkən V.Əliyeva bildirib ki, qrant proqramı çərçivəsində təhsilə cəlb edilən uşaqlar hər hansı məktəbəqədər təhsil müəssisəsində özünə yer tapmayanlardır: “216 nömrəli məktəbin əhatə etdiyi ərazidə də məktəbəqədər təhsil müəssiəsələri azdır. Bu ərazidə böyük tələbat açıq hiss olunmaqdadır”. 
 
Layihə çərçivəsində 20 uşaq məktəbəqədər təhsilə cəlb olunub. Lakin tələbat həddindən çox olduğu üçün artıq ikinci qrupun təşkili üzərində düşünülür. V.Əliyeva qeyd edib ki, bu layihə hazırlanarkən icma əsaslı məktəbəqədər təhsil proqramının təcrübəsindən yararlanıblar: “Ancaq mütəmadi olaraq  başqa yeniliklər də tətbiq ediləcək. Layihənin bu məktəbdə və, ümumiyyətlə, ölkə ərazisində genişləndirilməsi tələbatdan asılıdır. Hazırkı vəziyyət çox böyük tələbat olduğunu deməyə əsas verir. Odur ki, günün ikinci yarısında daha bir qrupun da məktəbəqədər təhsilə cəlbi mümkündür”.
 
V.Əliyeva onu da qeyd edib ki, sözügedən məktəbdə ikinci qrupun təşkili elə böyük vəsait tələb etmir: “Qrup dəyişəndə otaqda hər şey yerində qalacaq. Burada yalnız uşağa aid boya və ya başqa gigiyenik əşyalar dəyişəcək”.
 
Vüsalə Əliyeva “Azərbaycan müəllimi”nə onu da deyib ki, genişlənmə, sadəcə bir məktəbdə yox, bütün ölkə ərazisində ola bilər. Tələblə təklif uyğun gəlməyən yerlərdə belə layihələrin tətbiqi genişləndiriləcək: “Bu, pilot qrant proqramıdır. Həm icrası dövründə, həm də layihə başa çatdıqdan sonra təhlillər aparılacaq. Həmin təhlillər əsasında qərar veriləcək. Alternativ məktəbəqədər təhsil qrantlarının verilməsində müxtəlif səbəblərdən məktəbəqədər təhsilə cəlb olunmayan uşaqların çoxluq təşkil etdiyi ərazilərə üstünlük veriləcək”.  
 
“Məktəbəqədər təhsilin hədəflərinə bu sinifdə nail olacaqlar”
 
Bəs, bu sahənin mütəxəssisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Xalidə Həmidovanın fikri nədir? Onun məktəbdə bir məktəbəqədər qrup üçün yaradılan şəraitlə bağlı iradı varmı?
 
İlk məktəbəhazırlıq qruplarında istifadə olunan dərsliyin müəlliflərindən biri olan X.Həmidova layihənin məqsədinə çatacağını düşünür: “Onu deyə bilərəm ki, ölkəmizdə mövcud olan tikinti standartlarına uyğun məktəbəqədər təhsil müəssisələri tikməli olsaq, bütün uşaqları əhatə etməsi üçün hər yeri ancaq bu müəssisələr tutacaq. Belə layihələr evdə, təhsildən kənarda qalan, hər hansı səbəbdən məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb edilməyən, belə müəssisələrin olmadığı ərazilərdə yaşayan uşaqların təhsilə cəlb olunmasında çox faydalıdır. Nəzərə alsaq ki, insan ömür boyu əldə etdiyi bacarıqların 70 faizini məhz bu yaşda öyrənir, onda bu layihənin əhəmiyyətini təsəvvür etmək çətin olmaz. Odur ki, belə təşəbbüslər ancaq dəstəklənə bilər. Tərbiyəçi-müəllim bu sahədə peşəkar olmasa da, uşaqları sevir, özünü bu sahədə formalaşdırıb. Onun təlimatlarını yerinə yetirən, uşaqlara sevgi ilə yaxınlaşan dayəni gördüm. Məqsədi, əsas vəzifəsi məktəbə və həyata uşaq hazırlamaq olan məktəbəqədər təhsilin hədəflərinə bu sinifdə nail olacaqlarını düşünürəm”.
 
Valideynlər razıdır
 
Artıq saat 1-dir və 216 nömrəli məktəbin bu məşhur sinfinin qarşısında valideynlər gözləyir. Onlardan biri qız atasıdır. “Atalar qızlarını daha çox sevir”, - deyən bu ata qızı üçün ən doğru qərarı verdiyinə inanır. Sosial şəbəkələrdə görüb, maraqlanıb, ətraflı araşdırdıqdan sonra qızını bu layihəyə qoşan Sahib Məmmədov Mələyin atasıdır: “Bağçaya gedirdi qızım. Bu layihə barədə eşidəndə araşdırdım ki, belə layihələr çox maraqlı olur. Götür-qoy etdim və Mələyi bağçadan çıxardıb bura gətirdim. Uşaq da indi daha həvəsli gəlir”.
Fərahim İsmayılov isə İbrahimin atasıdır. O da uşağı ilə maraqlanan atalardandır: “Bir oğlum da məktəbdə birinci sinifdə oxuyur. Onu gətirəndə eşitdim layihə haqqında. Qərara gəldim ki, İbrahimi də gətirim. Növbəti tədris ilindən məktəbəhazırlıq qrupuna keçəcək”.
 
Bağça məktəbə gəlir?
 
Mütəxəssislər hesab edir ki, erkən təhsil uşaqların həyatında müstəsna rol oynayır. Ona görə də uşaqların məktəbəqədər təhsilə cəlbi Elm və Təhsil Nazirliyinin prioritet istiqamətlərindəndir. Bu prioritet hədəfinə çatmaq üçün də müasir, tam təchiz edilmiş məktəb binaları vacib vasitə olacaq. Və beləcə, məktəbin həyatımızda rolu, əhəmiyyəti getdikcə artacaq. 
 
Ruhiyyə DAŞSALAHLI


03.05.2024 | 11:00