Milli atributumuza sevgi və sayğı ilə

Artıq bir neçə ildir ki, 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə bayram ərəfəsində ölkəmizdə möhtəşəm “Bayraq yürüşləri” keçirilir. Hər dəfə milli atributumuza sevgi və sayğının parlaq nümayişinə  çevrilən bu tədbirin gənclər arasında vətənpərvərlik  və milli-mənəvi dəyərlərimizə hörmət hissinin güclənməsinə, şübhəsiz, böyük təsiri olur. Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə növbəti belə yürüş noyabrın 6-da Füzuli rayonunun Horadiz şəhərində baş tutub.

 

Yürüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Müdafiə Nazirliyinin əməkdaşları, hərbçilər, ziyalılar, şagird və müəllimlər, KİV və QHT nümayəndələri iştirak edib.

 

Yürüşdən əvvəl iştirakçılar Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar.

 

Təhsil nazirinin müavini Firudun Qurbanov tədbiri açaraq üçrəngli bayrağın Azərbaycan dövlətinin müqəddəs rəmzlərindən biri və bu il 100-cü ildönümü qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olduğunu vurğulayıb. Firudin Qurbanov qeyd edib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yarananda dövlət atributu olaraq məhz üçrəngli bayraq təsdiq olunub.

 

Nazir müavini Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Bayraq yürüşü”nün gənclərin milli dəyərlərə ehtiram, milli ideallara bağlılıq ruhunda tərbiyə olunması baxımından əhəmiyyətini diqqətə çatdırıb.

 

Firudun Qurbanov varlığımızı dünyaya tanıdan bayrağımızın ölkə Prezidentinin rəhbərliyi altında işğal altında olan ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına inamını ifadə edib.

 

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev cəbhə bölgəsində belə tədbirin keçirilməsinin gənclərdə bayraq sevgisini daha da artıracağını vurğulayıb.

 

“N” saylı hərbi hissə komandirinin müavini, polkovnik Elşad Əbilov Azərbaycan silahlı qüvvələrinin üçrəngli bayrağımızı Ali baş komandan, cənab İlham Əliyevin rəhbərliyi altında işğalda olan ərazilərimizdə dalğalandırmağa hər an hazır olduqlarını bildirib.

 

Daha sonra əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdiriblər, şagirdlər tərəfindən bayrağımız haqqında mahnılar ifa olunub.

 

Yürüş başa çatdıqdan sonra  onun bir neçə iştirakçısından təəssüratlarını “Azərbaycan müəllimi”nin oxucuları ilə bölüşməsini xahiş etdik. 

 

Xalq artisti Nürəddin Mehdixanlı tədbirin böyük əhəmiyyət daşıdıgını bildırdi. Təhsil Nazirliyi tərəfindən təşkil olunan “Bayraq yürüşü”nün istər təhsil ictimaiyyətinin, istərsə də rayon camaatının böyük marağına səbəb olduğunu deyən sənətkar Azərbaycan bayrağının daim zirvələrdə ucalmasını arzuladı.

 

 

Təhsil eksperti Etibar Əliyev də yürüşün onda dərin təəssürat yaratdığını dedi və şagirdlərin milli vətənpərvərlik ruhunda böyüməsində bu kimi tədbirlərin vacibliyindən danışdı. Bayraq yürüşünün növbəti illərdə işğal altında olan rayonlarımızda keçirilməsini arzuladı.

 

 

BDU-nun professoru, tarix elmləri doktoru Anar İsgəndərov yürüşdə iştirak etməkdən məmnunluq hissi duyduğunu dedi. Yürüş zamanı insanların üzündə olan sevinc hissindən, xalqımızın bayrağımıza olan sevgisindən danişdı.

 

 

“Bayraq yürüşü”ndə ilk dəfə iştirak etdiyini söyləyən Fizıli rayon sakini Şamıyeva Nazimə isə yürüşdən çox duyğulandığını söylədi: " Bu gün mən çox fəxr edirəm ki, müstəqil dövlətimiz var və mən bu dövlətin vətəndaşıyam. Bugünkü yürüş həm də bizim birliyimizi nümayiş etdirir.

 

Niyazi RƏHİMOV



06.11.2018 | 16:39