Sertifikatlaşdırma prosesinə ictimai etimad artır - Ekspert rəyləri
Artıq iki ilə yaxındır ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesi mərhələli şəkildə davam edir. Prosesə ilk olaraq ibtidai sinif müəllimləri cəlb olunub. Daha sonra Azərbaycan dili və ədəbiyyat müəllimlərinin biliklərinin yoxlanılmasına başlanılıb. Sırada digər fənn müəllimlərinin də sertifikasiyadan keçməsi prosesi dayanır. 
 
Sertifikatlaşdırılma müəllimlərin maddi stimullaşdırılmasında əhəmiyyətli rol oynayır. 2022-ci ildə keçirilmiş sertifikatlaşdırma imtahanından sonra prosesi uğurla tamamlayaraq 51-60 bal yığan 3163 müəllimin əməkhaqqına 35 faiz, 30-50 bal yığan 5624 müəllimin əməkhaqqına isə 10 faiz əlavə edilib. Növbəti dəfə 2023-cü il üzrə sertifikatlaşdırmadan keçmiş 5246 müəllimin əməkhaqqına 35 faiz, 17 914 müəllimin əməkhaqqına isə 10 faiz əlavə tətbiq olunub.
 
Bəs, bu proses bütövlükdə cəmiyyətə nə qazandırır? 
 
“Azərbaycan müəllimi” mövzu ilə bağlı təhsil ekspertləri Məzahir Məmmədli və Rizvan Fikrətoğlunun mövqelərini öyrənib.   
 
“Valideynlər düşünür ki, əgər bir müəllim öz fənnini bilmirsə, yəni, sertifikasiyadan minimum bal belə toplamırsa, niyə mənim övladıma dərs deməlidir?”
 
 
“Məktəb guşəsi” saytının və jurnalının təsisçisi və baş redaktoru Məzahir Məmmədli sertifikatlaşdırmanın dünyanın inkişaf etmiş bir çox ölkələrində tətbiq olunduğunu deyib və Azərbaycan təhsil sistemində də həyata keçirilən bu prosesi müsbət qiymətləndirib: "Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılmasında əsas məqsəd müəllimlərin bilik səviyyəsini artırmaq, onların fərdi inkişafına nail olmaq, eyni zamanda müəllimlərin əməkhaqqılarının stimullaşdırılmasıdır. Bildiyimiz kimi, sertifikasiya prosesi başlayanda bu, müəllimlər arasında müəyyən narahatlıqlar yaratdı. Lakin xatırlayırsınızsa, ibtidai sinif müəllimlərinin sertifikatlaşdırılmasından sonra digər fənn müəllimləri də prosesə cəlb edilməkdə maraqlı oldular. Çünki valideynlər, bütövlükdə cəmiyyət də  müəllimlərin sertifikasiyadan keçməsinə müsbət yanaşır: "Valideynlər düşünür ki, əgər bir müəllim öz fənnini bilmirsə, yəni, sertifikatlaşdırmadan minimum bal belə toplamırsa, niyə mənim övladıma dərs deməlidir? Düşünürəm ki, sertifikatlaşdırma zamanında qoyulmuş bir tələbdir". 
 
M.Məmmədli hesab edir ki, Elm və Təhsil Nazirliyinin sertifikatlaşma ilə bağlı apardığı proses obyektiv və şəffaf şəkildə həyata keçirilir: "Elə buna görə də sertifikatlaşdırma cəmiyyət tərəfindən rəğbətlə qarşılanır, bu prosesə ictimai etimad artır. Nazirlik ictimai nəzarətin təmin edilməsi məqsədilə qeyri-hökumət təşkilatları, habelə kütləvi informasiya vasitələri nümayəndələrini müşahidəçi kimi bu prosesə cəlb edir ki, bu da obyektivliyin nümayiş olunması baxımından əhəmiyyətlidir".
 
 
“Proses elə qurulub ki, burada həm müəllim, həm də cəmiyyət qazanır”
 
Təhsil eksperti Rizvan Fikrətoğlu da təhsilverənlərin sertifikatlaşdırılmasını ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik müəllimlərin peşəkarlıq səviyyələri və peşə yararlılıqlarının yoxlanılması baxımından vacib addım hesab edir: "Sertifikatlaşdırma prosesinin ümumilikdə cəmiyyətimizə faydaları çoxdur. Çünki bu proqramla müəllim təkmilləşir, özünə, biliklərinin artırılmasına tələbkar yanaşır. Yaxşı hazırlıqlı müəllimin tədris mühitində iştirakı övladlarımızın gələcəyi deməkdir. Hər bir valideyn istəyir ki, onun övladına savadlı və öz fənnini yaxşı bilən müəllim dərs desin. Sertifikatlaşdırmadan keçən müəllimə valideyn daha çox inam bəsləyir. Ona görə ki, müəllim nəzəri və praktiki olaraq tam yoxlanılır. Həm də bütün müəllimlər eyni səviyyə üzrə imtahan verirlər – birinə asan, digərinə çətin sual verilmir. Yəni, proses elə qurulub ki, burada həm müəllim, həm də cəmiyyət qazanır. Biz savadlı cəmiyyət istəyiriksə, sertifikatlaşmanın nə qədər əhəmiyyətli olmasının fərqinə varmalıyıq". 
 
Təhsil eksperti sertifikatlaşdırmanın müsahibə mərhələsini də mühüm proses kimi qiymətləndirir: "Bu zaman müəllimlərin metodiki və ixtisas bilikləri ilə yanaşı, tədris prosesini idarəetmə keyfiyyələrini yoxlamaq mümkün olur. Ümumilikdə, bu mərhələləri keçən müəllimlər gələcəkdə məktəb direktoru və müavini də ola  bilər. 
 
Ötən dövrdə olduğu kimi, sertifikatlaşdırmadan ilkin mərhələdə uğur qazanmayanlar təkrar sertifikatlaşdırmaya cəlb olunacaqlar. Elm və Təhsil Nazirliyi bu məqsədlə müvafiq təlimlər və digər metodiki dəstəyi təmin edəcək. Yox, əgər onlar sertifikatlaşdırmadan keçə bilməzlərsə, o zaman onlarla bağlanmış əmək müqaviləsinə xitam veriləcək. Bu qanunvericiliyin tələbidir",-deyə ekspert vurğulayıb. 
2026-cı ilə qədər 135 min təhsilverənin sertifikatlaşdırmaya cəlb olunmasının planlaşdırıldığını söyləyən R.Fikrətoğlu hesab edir ki, bu, təhsilin səviyyəsinin daha da yüksələcəyinə ümidləri artırır. 
 
Niyazi RƏHİMOV
 


13.05.2024 | 14:34