Lənkəran Dövlət Universitetində “GreenAgroHack”la bağlı məlumat sessiyası keçirilib

 

Lənkəran Dövlət Universitetində (LDU) “GreenAgroHack” hakaton yarışması ilə bağlı məlumat sessiyası keçirilib.

 

“Azərbaycan müəllimi” xəbər verir ki, infosessiyada 15-17 may tarixlərində keçiriləcək “17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi” (Caspian Agro) çərçivəsində təşkil ediləcək hakatonla bağlı müzakirələr aparılıb.


Məlumat sessiyası zamanı tələbələrə hakatonda iştirak üçün ən az iki fərqli universitet tələbələrindən formalaşdırılan maksimum 5 nəfərdən ibarət komandalar şəklində qrupların olacağı barədə məlumat verilib.
 

Həmçinin fərdi müraciət edən şəxslər olduğu halda, bütün müraciətlər bitdikdən sonra təşkilat komitəsi tərəfindən 5 nəfərlik komandalar şəklində qrupların formalaşacağı diqqətə çatdırılıb.
 

Qeyd edək ki, hakatonun keçirilməsində əsas məqsəd innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməklə kənd təsərrüfatı sahəsi istiqamətində xüsusi proqram təminatlarının, ağıllı həllərin hazırlanması, aqrar sahədə innovasiyanın rolu və gənclərin aqrar sahədə həyata keçirilən layihələrə, startap proqramlarına marağının artırılmasıdır.

 



13.05.2024 | 15:04