Naxçıvan Dövlət Universitetində “Tibb” ixtisası üzrə SABAH qrupunun təqdimatı olub
Ölkədə ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində (NDU) “Tibb” ixtisası üzrə SABAH qrupunun təqdimatı olub.
 
Bu barədə “Azərbaycan müəllimi” nə NDU-dan məlumat verilib. 
 
Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev bildirib ki, ölkəmizin ali təhsil sisteminin ən mütərəqqi layihəsi olan SABAH qrupu “Tibb” ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub:“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvan Dövlət Universiteti üçün nəzərdə tutulmuş prioritet məsələlərdən biri də tibb təhsili üzrə peşəkar kadrların hazırlanması, maddi-texniki bazanın gücləndirilməsi, yeni tədris korpusunun yaradılması, araşdırma tədris klinikasının fəaliyyətinin təmin olunmasıdır”.
 
Rektor ölkəmizdə ilk dəfə olaraq məhz Naxçıvan Dövlət Universitetində “Tibb” ixtisası üzrə SABAH qruplarının təqdimatının keçirilməsini mütərəqqi hal kimi qiymətləndirib:”Çox şadıq ki, bu gün ölkəmizin qabaqcıl bir prqramının layihəsi əlamətdar bir ildə Naxçıvan Muxtar Respublikasının 100 illiyi, tibb fakültəmizin 25 illiyi, SABAH quruplarının 10 illiyində məhz “Tibb” ixtisasına şamil olundu. Naxçıvan Dövlət Universitetində belə bir proqramın fəaliyyətə başlaması muxtar respublikamızın gələcəkdə peşəkar həkim mütəxəssisləri ilə təmin olunmasına öz töhfəsini verəcək. Ümidvarıq ki, yüksək balla universitetə qəbul olmuş tələbələrimiz tədris ilində göstərdikləri nəticələrə görə həmin quruplarda təhsil almaq imkanı qazanacaqlar”.
 
Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, nazir vəzifələrini icra edən Elxan Nəcəfov ölkəmizdə təhsilin inkişafına göstərilən qayğıdan danışıb:”Naxçıvan Muxtar Respublikası ümumtəhsil müəssisələrində 70-ə yaxın tibb ixtisası istiqamətində hazırlaşan şagirdlərimiz bu gün təqdimatda iştirak etdilər. Düşünürəm ki, bu Naxçıvan Muxtar Respublikası şagirdlərinin də “Tibb” ixtisasına yönəlməsində və bu qruplarda rəqabətli şəkildə oxumalarına, nəticə göstərmələrinə böyük bir stimul olacaq”. 
 
SABAH qrupları İcra Komitəsinin rəhbəri Elza Səmədova qeyd edib ki, SABAH qrupları Azərbaycan ali təhsil sistemində qabaqcıl dünya təcrübəsini paylaşmaq üçün yaradılmış bir layihədir:”Ümid edirəm ki, Naxçıvanda gələcəkdə açılacaq tibb kompleksində, həm də dünya təcrübəsinin NDU-nun tibb sahəsinə gətirilməsinə öz töhfəsini verəcək. Qonşu ölkələrlə, xüsusilə Türkiyə Respublikasının qabaqcıl Tibb sahəsi üzrə universitetləri ilə birlikdə bağlanmış əməkdaşlıq müqavilələri, həkimlərin burada tədrisini davam etdirmələri, tələbələrin təcrübələrini digər araşdırma universitetlərində aparması və o universitetlərin qabaqcıl təcrübəsinin də NDU-ya gətirilməsinə şərait yaradacaq”.
 
Tibb fakültəsinin dekanı İlhamə Mustafayeva isə bildirib ki, bu il tibb fakültəsinin 25 ili tamam olur:”1999-cu ildə, sadəcə pediatriya ixtisası üzrə 25 nəfər tələbə ilə fəaliyyətə başlayan tibb fakültəsi bu gün artıq istər Azərbaycan, istərsə onun hüdudlarından kənarda əhali üçün ixtisaslı tibb kadrların yetişdirilməsi istiqamətində mühüm addımlar atır”.
 
Tədbir bədii hissə ilə davam edib.


15.05.2024 | 09:32