ADA Universiteti Amerika Universitetinin Vaşinqton hüquq fakültəsi ilə birgə yeni proqram təqdim edir
ADA Universiteti Amerika Universitetinin Vaşinqton hüquq fakültəsi (AUWCL) ilə hüquqşünaslıq üzrə birgə bakalavr və magistr proqramı elan edib.
 
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən məlumat verir ki, bu münasibətlə keçirilən açılış mərasimində ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi, ADA Universitetinin ABŞ-dəki Mərkəzinin prezidenti Qalib Məmməd, Amerika Universitetinin Vaşinqton hüquq fakültəsinin “Beynəlxalq Hüquq Araşdırmaları Proqramı”nın rəhbəri professor Padide Alay da daxil olmaqla bu ali təhsil müəssisəsinin heyəti, eləcə də ADA Universitetinin prorektorları, dekanları və tələbələri iştirak ediblər.
 
Tədbirin moderatoru, ADA Universitetinin Dövlət, xarici və tələbə işləri üzrə prorektoru Fariz İsmayılzadə Universitetin əmək bazarının tələblərini qarşılayan peşəkarlar yetişdirmək üçün xarici ali təhsil ocaqları ilə yeni əməkdaşlıqlara imza atdığını diqqətə çatdırıb.
 
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi bu gün təqdim edilən proqramın ABŞ və Azərbaycan arasında genişlənən təhsil əlaqələrində nümunə olduğunu bildirib. Səfir qeyd edib ki, proqram vasitəsilə azərbaycanlı tələbələr ABŞ-nin nüfuzlu hüquqşünaslarından dərs alacaqlar.
 
Çıxışında “ADA Universiteti yeni-nəsil azərbaycanlı qanun keşikçiləri yetişdirəcək”, - deyə bildirən Qalib Məmməd universitetin vaxtilə elmdə, təhsildə yeni səhifə açan tarixi maarifpərvərlərin izi ilə getdiyini vurğulayıb. ADA Universitetinin hüquq təhsilində açdığı yeni səhifəni isə bunun bir nümunəsi kimi qiymətləndirib. Qalib Məmməd əlavə edib ki, proqram ölkəmizə yalnız hüquqşünaslar deyil, həm də akademik tədqiqat bacarıqlarına malik pedaqoqlar qazandıracaq.
 
Professor Padide Alay çıxışında ADA Universiteti ilə AUWCL-in məqsəd və vizyonundakı bənzərliklərə toxunub. Çıxışçı əlavə edib ki, iki fərqli qitəni təmsil edən bu iki universitet arasındakı əməkdaşlıq nəticəsində sürətlə dəyişən dünyanın tələblərinə cavab verəcək hüquqşünaslar yetişdiriləcək.
 
ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov proqramın tələbələri nəzəri və praktiki biliklərlə hərtərəfli təchiz edəcəyini vurğulayıb.
 
ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov bildirib ki, proqram çərçivəsində tələbələr ADA Universitetində üç il təhsil aldıqdan sonra Amerikada təhsil üçün ixtisas seçimi etmək imkanı əldə edəcəklər.
 
ADA Universitetinin tələbə işləri üzrə dekanı Günay Ziyadova birgə proqramın üstünlüklərindən bəhs edərkən vurğulayıb ki, tələbələr təhsillərini daha qısa müddətdə başa vuraraq təhsil xərclərini azaldacaq və əmək bazarına daha tez daxil olacaqlar.
 
Sözügedən proqram tələbələri həm Azərbaycan, həm də Amerika hüquq sistemləri ilə tanış edərək məzunları beynəlxalq miqyasda karyera üçün hazırlayır. Məzunlar bütün dünyada məşğulluq imkanları ilə təmin edilirlər və beynəlxalq səviyyədə tanınan ixtisas dərəcələri ilə rəqabət üstünlüyü qazanırlar.
 
Yeni təqdim edilən birgə proqram tələbələrə cəmi dörd il ərzində həm bakalavr, həm də magistr dərəcələri qazanmağa imkan verəcək. Tələbələr üç il ADA Universitetində, növbəti bir il isə Amerika Universitetinin Vaşinqton hüquq fakültəsində təhsil alacaqlar.


15.05.2024 | 10:01