Müəllimlərin onlayn ixtisasartırması üçün sistem hazırlanıb
Müəllimlərin onlayn ixtisasartırması üçün sistem hazırlanıb. 
 
Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib.
 
O bildirib ki, Koreya hökumətinin dəstəyi ilə qurulan platformanın məzmun hissəsinin üzərində iş gedir və həmin sistemin köməyi ilə gələcəkdə ixtisasartırma xidmətlərini hibrid formatda təqdim etmək mümkün olacaq.
 
"Müəllimlərin İKT bacarıqlarının artırılması və yeni yanaşmalardan istifadə üzrə ixtisasartırma təlimləri də təşkil edirik. Hər il 5-6 min nəfər ixtisasartırma təlimlərinə cəlb olunur. Keçən ildən ixtisasartırma təlimlərində pilot olaraq beynəlxaq sertifikatlaşdırma imtahanını da təşkil edirik. Odur ki, bu ildən ixtisasartırma təlimlərimiz sertifikasiyalı olacaq. Müəllimlər həm yerli, həm də beynəlxalq səviyyədə tanınmış sertifikat alacaqlar. Bu sertifikatlaşdırma imtahanı, müəllimin, sadəcə təlimdən keçdiyini deyil, bir neçə parametr üzrə güclü və zəif tərəflərini də göstərir, yəni, özünü qiymətləndirməsi üçün yaxşı imkandır. Bundan başqa, metodkabinetlərin fəaliyyətinin genişləndirilməsi ilə bağlı Təhsil İnstitutunun gördüyü işlərdə iştirak edirik. Bununla da nail olacağımızı düşündüyümüz müəyyən hədəflərimiz var: yerlərdə metodbirləşmələrin rəhbərləri müasir texnologiyalara yiyələnsinlər ki, onlar da bilik və bacarıqlarını ötürsünlər" - deyə V.Xanlarov qeyd edib.


15.05.2024 | 10:47