NDU-da Dövlət Bayrağı Günü qeyd olunub

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində 9 noyabr-Dövlət Bayrağı Gününə həsr olunmuş konfrans keçirilib. Konfransı açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə verilib. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında müstəqiliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olması barədə qərar qəbul edilib. Vurğulanıb ki, 1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqiliyini bərpa etdikdən sonra üçrəngli bayrağımız milli suverenliyin simvolu kimi ölkəmizin vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.

 

“Hüquq fənləri” kafedrasının müəllimi Tofiq Hüseynov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında"  2014-cü il  22 avqust tarixli sərəncamına əsasən  Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılmasından danışıb.  Vurğulanıb ki, 2014-cü il noyabrın 17-dən fəaliyyətə başlayan muzey səkkizguşəli ulduz formasında inşa olunub. Meydanın mərkəzində inşa olunmuş bayraq dirəyinin hündürlüyü 57 metrdir. Burada dalğalanan üçrəngli bayrağın uzunluğu 20, eni isə 10 metrdir.

 

Tədbir universitetin İncəsənət fakültəsi tələbələrinin  konsert proqramı ilədavam edib.



07.11.2018 | 15:37