“Süni zəka məktəbdəki mühiti əvəz edə bilməz”
“Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti qonağı Kanadanın Ottava Universitetinin professoru, ABŞ-nin Boston Kollecinin tədqiqatçı professoru, ARC Təhsildə Əməkdaşlıq Şəbəkəsinin yaradıcısı və prezidenti Endi Harqrivs olub. Belə ki, Elm və Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar”ın  bu bölümündə tədqiqatlarına 100 mindən çox istinad edilən, ABŞ-nin təhsil siyasəti müzakirələrinə ən çox təsir edən alimlərdən biri olan Endi Harqrivs ilə “Məktəblərdə iştirakçılıq və rifah” barəsində danışılıb. 
 
“T-Network”ün rəhbəri, təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında davam edən proqram Elm və Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Azərbaycan dilində canlı yayımlanıb. 
 
Özü və başqaları ilə əməkdaşlıq
 
İngiltərədə anadan olub böyüyən Endi Harqrivs ilk suala cavabında özü ilə əməkdaşlıqda heç də uğurlu olmadığını qeyd edib. Alim gənc vaxtlarında ana vətəni Britaniyada hər hansı bir təşəbbüslə çıxış etmək istədikdə digər şəxslər tərəfindən tərəddüd və iradlarla qarşılandığını, bu səbəbdən bir az həvəsdən düşdüyünü yada salıb. Lakin ABŞ-də və Kanadada isə tamamilə fərqli mənzərə ilə qarşılaşdığını, hər hansı bir mütərəqqi təşəbbüslə çıxış etmək istəyəndə çox müsbət qarşılandığını diqqətə çatdırıb. Professor deyib: “Mən ilk növbədə, əməkdaşlığımı müəllimlərlə başladım və sonradan məktəb müdiriyyəti ilə işbirliyi qurdum. Getdikcə mənim statusum dəyişirdi, müəllimlərin iştirak etdiyi assosiasiyalarla, yuxarı səviyyədə hökumətlərlə əməkdaşlıq etdim. Müəllimlərlə əməkdaşlıqdan başlayaraq müxtəlif ölkələrin hökumətləri ilə işbirliyi yaratdım”.
 
E.Harqrivs məktəblərdə uşaqların daima əməkdaşlığa sövq edildiyini dilə gətirib. O, müəllimləri digər həmkarlarının ideyaları və təşəbbüslərindən öyrənməyə açıq olmağa, onların təcrübələrindən faydalanmağa çağırıb, məktəbləri digər təhsil ocaqları ilə mütəmadi əməkdaşlığa, müxtəlif şəbəkələr vasitəsilə məktəblərin təcrübəsindən bəhrələnməyə, valideynlərlə, valideyn təşkilatları ilə təmasa səsləyib.     
 
Təhsildə təbliğ etdiyi əsas ideyadan danışarkən, cənab Harqrivs təhsilin iki istiqamətdə dəyərli olduğunu, təhsil vasitəsilə insanların yeni biliklərə yiyələndiyini və biliklər vasitəsilə uğur əldə etdiyini deyib. Təhsilin digər funksiyasının insanların rifahına xidmət etməsi, rifahın isə daha geniş mənada cəmiyyət tərəfindən qəbul olunmaq, təqdir olunmaq anlamına gəldiyini, təhsilin cəmiyyətdə yaşayan müxtəlif təbəqəli insanlar üçün bərabər imkanlar yaratdığını diqqətə çatdırıb. 
 
Şagirdlərin rifahı
 
Qonaq bildirib ki, son 20 ildə dünyada məktəb həyatı ilə bağlı daha çox mənfi xarakterli irəliləyişlər olub: testlərin sayı artıb, əlavə standartlar tətbiq olunub, müxtəlif müsabiqələr həyata keçirilib. Bu dəyişikliklərin rifah deyil, xəstəlik mühiti yaratdığını söyləyən Harqrivs çıxış yolunu məhz yükləmələrin azaldılmasında gördüyünü qeyd edib. Bütün dünyada, xüsusilə Qərb dünyasında 2012-ci ildən yeniyetmələr arasında təşviş hallarının çoxaldığını deyən professor bunun səbəbini texnologiyanın, xüsusilə smartfon və ayfonların insanların həyatına sirayət etməsi ilə əlaqələndirib.
 
Texnologiyanın əleyhinə olmadığını bildirən cənab Endi əsas problemi yalnış texnologiyanın həyatımıza girməsində gördüyünü söyləyib. COVİD-19 pandemiyasının yaratdığı digər fəsadlar haqqında danışaraq bu zaman uşaqların onlayn formada təhsil almağa başlaması, müxtəlif platformalar, misal olaraq Khan Akademiyası platformasında öz təhsillərinə davam etmək məcburiyyətində qaldıqlarını, 2 saat vaxt sərf etməklə məktəbdə 2 həftəyə öyrəndiyi biliyi əldə edə bilmələri məsələsinə toxunaraq hazırkı dövrdə şagirdlərin məktəbə getmək marağının azaldığını qeyd edib. Problemin aradan qaldırılması məqsədilə E.Harqrivs ənənəvi yanaşmanı dəyişərək innovativ yanaşma tətbiq etməyi, təhsil prosesini yenidən quraraq uşaqlarda məktəbə qayıtmaq həvəsi yaratmağı tövsiyə edib. O qeyd edib ki, öyrənmə prosesi uşaqlar üçün həyəcanverici, faydalı, maraqlı olmalıdır ki, uşaqlar məktəbə həvəslə getsin.
 
“Müəllim  rifahı olmadan şagirdin rifahı mümkün deyil”- sözlərinin müəllifi Endi Harqrivsin fikrincə, müəllimlərin motivasiyası ancaq maaşın artırılması, iş yükünün azaldılmasından ibarət olmamalıdır. Mütləq müəllimlərə ilham verəcək, onları ruhlandıracaq mühit yaradılmalıdır. “Müəllimlər böyük icmanın bir hissəsi olduqlarını hiss etməlidirlər. Biz şagirdlərin həvəslənməsini, ruhlanmasını istəyiriksə, əmin olmalıyıq ki, müəllimlər ruhlandırılır və həvəsləndirilir. Şagirdlərin iştirakçılığını istəyiriksə, mütləq prosesdə müəllimlərin iştirakçılığını təmin etməliyik. Şagirdlərin inklüzivliyini istəyiriksə, mütləq qaydada müəllimlərin inklüzivliyini təmin etməliyik”, - qonaq deyib.  
 
Beş düşmən 
 
Professor şagirdləri tədrisə cəlb etmək üçün maneə olan məqamları tənqid edib. Bu yolda 5 neqativ məhfumun mövcudluğunu və onlarla mübarizə üsullarını açıqlayan təhsil tədqiqatçısı birinci pis hal kimi məktəb proqramının həddindən artıq testlərlə yükləndiyini göstərib. İkinci mənfi halın kurikulumların tədrisində buraxılmış xətalar olduğunu deyib. Kurikulumların uşaqların və onların ailələrinin ehtiyaclarını tam əks etdirmədiyini qeyd edərək şagirdlərin kurikulumlar vasitəsilə nə qazandıqlarını  bilmədiklərini söyləyib. Fərdiçiliyi üçüncü pis hal kimi qeyd edən alim kollektiv davranış, kollektivə aid olmağı çox vacib insani hiss adlandırıb. Bunun əksinə, cəmiyyətlərdə uşaqlara fərdiçilik, individualizm aşılandığını, “mütləq özün, tək, dostlarından ayrı irəliləyiş etməlisən” kimi yanaşmaları kobud mövqe kimi xarakterizə edib. Dördüncü mənfi məqamın səlahiyyət olduğunu qeyd edən qonaq uşaqların hansısa bir məsələdə seçim haqqına sahib olduqlarını düşünmədiklərini söyləyib. Professor hesab edir ki, şagirdlərə öz həyatlarına təsir edəcək məqamlarla bağlı müstəqillik vermək lazımdır. Beşinci neqativliyi ekran adlandıran E.Harqrivs uşaqların həddən artıq telefonla vaxt keçirməsini təhlükəli bir vərdiş, texnologiyadan tamamilə yalnış istifadə kimi dəyərləndirib.  
 
Müəllim və süni zəka
 
C.Mənsiminin “Süni zəkanın geniş vüsət alması müəllimlərdən hansı bacarıqları tələb edir? Müəllimlər hansı ənənələri davam etdirməli, hansını yeniləməlidirlər?” -sualını cavablandırarkən elm xadimi bildirib ki, müəllimlər qayğı göstərir, sevir, həyəcanlı mühit yaradırlar. “Süni zəka müəllimlərə, şagirdlərə dərsdə kömək edə bilər, lakin məktəbdə olan mühiti əvəz edə bilməz. Süni zəkanın olduğu dövrdə müəllimlər kifayət qədər vaxtlarına qənaət etmiş olarlar. Qənaət edilmiş vaxtdan istifadə edərək müəllimlər maraqlı layihələr planlaşdıra, dərslərini yaradıcı təşkil edə bilərlər”, - professor deyib.
 
E.Harqrivs hesab edir ki, effektiv müəllimlik üçün mütləq 3 şərt təmin olunmalıdır: “Onlardan biri məhz emosional məsələdir, digərləri isə metodlar və davranışlardır. İkinci koqnitiv məsələdir - uşaqların öyrənməsinə gətirib çıxaran müəllimin yaratdığı ideyalar, müəllimin özünün intellektual imkanlarıdır. Emosional deyilən tərəf müəllimin öz fənninə qarşı xüsusi həvəsini ehtiva edir. Onlardan biri məqsəd hissinin aşılanmasıdır. Çalışmalıyıq ki, məqsəd kimi qəbul etdiyiniz bir hədəf digər şagirdlərin də məqsəd kimi qəbul etdiyi hədəfə çevrilsin. Digər məsələ səlahiyyət və münasibətlər məsələsidir. Yəni, siz nə dərəcədə baş verən proseslərdə - kurikulumun hazırlanmasında, vəziyyətə uyğun dəyişdirilməsində iştirak edirsiniz, həmkarlarınızla, şagirdlərinizlə, məktəb rəhbərliyi ilə yaxşı və ya pis münasibətdəsiniz”. 
 
8 guşəli yeni çağırışlar
 
Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, daha təhsilli gələcək üçün onun guşələri hansı çağırışlardan ibarət olar?”- sualının cavabında professor aşağıdakı çağırışları səsləndirib: 
 
1.Cəlbetmə - müəllimlər şagirdləri prosesə cəlb etməkdə maraqlı olmalıdırlar. 2.Ədalətlilik - müxtəlif şagirdlərin təhsil prosesində bərabər iştirak etmək imkanları və özlərini cəmiyyətə təqdim etmək fürsətləri olmalıdır. 
3.Rifah - insanların icmaya, yaşadıqları cəmiyyətə, daha böyük məqsədlərə aid olmasıdır. 
4.Peşəkar kapital - müəllimlərinizdən yüksək performans gözləyirsinizsə, mütəmadi olaraq onların peşəkarlığının artırılmasına sərmayələr etməlisiniz. 
5.Sosial kapital - peşəyə aid sosial kapitalın, yəni, əməkdaşlıq mədəniyyətinin yaradılması və təbliğidir. 
6.İnnovasiya mədəniyyətinin bütün məktəblərdə yaradılması. Məktəblər şagirdlərə innovasiyalar etməyə, yeniliklər yaratmağa imkan verməlidirlər ki, onlar hansısa problemi həll etsinlər, mövcud biliklərdən istifadə etməklə hər hansı bir tapşırığı yerinə yetirsinlər. Burada söhbət müəllimlərin üzərinə hansısa bir innovasiyanı yükləməkdən getmir, müəllimlərə özlərinin innovativ yanaşmaları imkanlarının yaradılmasından gedir. 
7.Şəbəkələşmə - müəllimlər mütləq biri-birlərinin təcrübələrindən öyrənməli, bu zaman məsafə rol oynamamalıdır; texnologiyanın verdiyi imkanlardan istifadə edərək müəllimlər öz aralarında şəbəkələşməlidirlər. 
8.İnsan yönümlü texnologiyaların təbliği. Biz imkan verməməliyik ki, süni zəka bizi insani hisslərimizdən qoparsın, bizi insan kimi zəiflətsin”. 
 
Görüşün sonunda ABŞ Milli Təhsil Akademiyasının üzvü, professor Endi Harqrivs qlobal uğur qazanmaq istəyənlərə açıq fikirli olmağı, başqalarının fikrinə hörmət etməyi, digər mədəniyyətlərin əhəmiyyətini qəbul etməyi, onlardan dərslər çıxarmağı, şəxsi xarakterlərini inkişaf etdirməyi tövsiyə edib. O deyib: “Həmkarım Maykl Fullanla bir-birimizə deyirik ki, öyrənmək istəyirsənsə, sənə bənzər yox, fərqli insanlarla təmasda ol. İki şəxs biri-birinin fikri ilə razılaşırsa, demək onlardan biri otaqda olmamalıdır. Biz mütləq yanaşmamıza düzən verməliyik”.
 
Lamiyə ƏLİMƏRDANOVA


16.05.2024 | 17:33