56-cı Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub
12 may 2024-cü il tarixində Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində 56-cı Beynəlxalq Kimya Olimpiadasına (IChO) seçmə imtahanı təşkil olunub.
 
Bu barədə Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nə məlumat verilib. Bildirilib ki, seçmə imtahanı nəticəsində olimpiadada ölkəmizi təmsil edəcək milli komanda üzvləri seçilib.
 
Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdləri Səttar Şərifzadə və Nihad Hacızadə, Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyinin X sinif şagirdləri Murad Xəlilzadə və Ümid Mustafazadə olmaqla ümumilikdə 4 nəfər şagird ölkəmizi təmsil edəcək.
 
Məlumat üçün bildiririk ki, olimpiadaya hazırlıq dərsləri davam edir. 


17.05.2024 | 11:36