Fizika İnstitutu ilə AzMİU arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) elm və innovasiya məsələləri üzrə prorektoru, riyaziyyat üzrə elmlər doktoru, professor Nigar Aslanova, fizika və kimya kafedrasının müdiri fizika elmləri doktoru, professor Adil Abbasov Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda olublar. 
 
Fizika İnstitutundan “Azərbaycan müəllim”nə bildirilib ki, görüş iki tərəf arasında Anlaşma Memorandumunun imzalanması məqsədilə keçirilib.  
İlk olaraq institutun baş direktoru, akademik Arif Həşimov qonaqlara aparılan  tədqiqatlar, elmi müəsissənin beynəlxalq əlaqələri, burada mövcud olan maddi texniki baza və s. haqqında məlumat verib. 
 
AzMİU-nun prorektoru Nigar Aslanova isə bildirib ki, Fizika İnstitutu ilə AzMİU arasında hər zaman əməkdaşlıq mövcud olub. O qeyd edib ki, elmi tədqiqatların aparılmasında təqdqiqat institutlarının imkanları və təcrübəsi daha böyükdür: "Elmi müəssisələrin və təhsil sisteminin əməkdaşlarının bir araya gələrək komanda şəklində ortaya qoyduqları elmi işlərin sayı azdır. Bu məqsədlə təhsil sistemi ilə elmi tədqiqat institutlarıının əlaqələrinin genişləndirilməsi olduqca önəmlidir". 
 
N.Aslanova AzMİU-nun bir sıra institutlarla əlaqələrinin mövcud olduğunu qeyd edərək bildirib ki, əlaqələrin genişlənməsi nəticəsində elm və təhsilin inteqrasiyası mümkün olur, kadrlar mübadiləsinin aparılması daha effektiv reallaşır. 
 
Sonda Fizika İnstitutu ilə AzMİU arasında Anlaşma Memorandumu imzalanıb.


17.05.2024 | 13:04