Elm və Təhsil Nazirliyində COP29 çərçivəsində ətraf mühit problemlərinə dair görüş keçirilib
Elm və Təhsil Nazirliyində Energetika Nazirliyinin İctimai Şurasının və “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT Koalisiyasının nümayəndələrinin nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya, Elm və ali təhsil siyasəti şöbələrinin, həmçinin müxtəlif elmi institutların əməkdaşlarının iştirakı ilə görüş keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə ətraf mühit problemləri, onların həlli istiqamətində görülə biləcək işlər, həmçinin məktəblilərdə ətraf mühiti qorumaq istiqamətində vacib vərdişlərin formalaşdırılması yolları müzakirə edilib.
 
Qeyd olunub ki, Bakıda bu il böyük ekoloji tədbir - COP29-un keçirilməsinin planlaşdırılıması, 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ətraf mühitin problemlərinə həssaslığı artırıb.
 
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova bildirib ki, Bakıda COP29 tədbirinin keçirilməsi, ölkədə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması bir çox dövlət qurumları kimi, ETN-nin də qarşısında bir çox məqsəd və vəzifələr qoyub. Bu məqsədlə ETN görüşlər keçirir, müsabiqələr təşkil edir. Şöbə müdirinin müavini tədbirlərdən danışarkən oktyabr ayında keçiriləcək “STEAM Azərbaycan” festivalını da xatırladıb. Onun sözlərinə görə, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində festival “Yaşıl SAF” adı altında təşkil ediləcək.
 
Energetika Nazirliyi yanında İctimai Şuranın sədri Şaban Nəsirov öz fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib. “Fəaliyyətimizi bu istiqamətdə təşkil edən bir qurum kimi bu ilə biz də öz töhfəmizi verməyə çalışırıq”, - deyən Ş.Nəsirov ETN-lə uzunmüddətli əlaqələrin əsasını qoymaq istədiklərini vurğulayıb.
 
“Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT Koalisiyası ilə görüşdə birgə reallaşdırılması irəli sürülən təkliflərin həyata keçirilməsi yolları müzakirə olunub, ən optimal variantlar üzərində fikir mübadiləsi aparılıb.
 
Koalisiyanın sədri Taleh Əliyev şagirdlərin və tələbələrin bu prosesə qoşulmalarının prosesin effektivliyini artıracağını, daha nəticəyönümlü olacağını vurğulayıb. Əməkdaşlıq formalarını müzakirə edərək inkişaf etdiriləcəyinə inamını bildirib. 
 
Görüşdə vurğulanıb ki, ETN vətəndaş cəmiyyəti ilə münasibətlərə həssas yanaşır. Xüsusən ətraf mühitin problemlərinə qarşı mübarizədə  vacib vərdişlərin formalaşdırılması istiqamətində əməkdaşlıqda öz üzərinə düşəni həyata keçirməyə hazırdır. Həmçinin bildirilib ki, COP29 ilə bağlı Elm və Təhsil Nazirliyinin təşəbbüsü və iştirakı ilə keçirilən görüş, konfrans, “dəyirmi masa” və s. kimi tədbirlər “Təhsil TV” və “Azərbaycan müəllimi” qəzetində də geniş işıqlandırılacaq.


17.05.2024 | 13:10