Əmək ehtiyatlarının təhsil pillələri üzrə təhlilinin nəticələri açıqlanıb
Əmək bazarında cari və gələcək təklifi formalaşdıran əmək ehtiyatlarının təhsil pillələri üzrə təhlilin nəticələri açıqlanıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən aparılmış təhlilin nəticələri açıqlanıb. Bu məqsədlə keçirilən görüşdə Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi rəhbər şəxsləri iştirak edib.
 
Qeyd olunub ki, əmək bazarında cari və gələcək təklifi formalaşdıran əmək ehtiyatlarının təhsil pillələrində (bakalavr, magistr və orta ixtisas) strukturunun müəyyənləşdirilməsi və ƏMAS məlumatlarından istifadə etməklə cari trendlər üzrə ümumi mənzərənin üzə çıxarılması və eləcə də müxtəlif ixtisaslar üzrə məşğulluğun ilkin qiymətləndirilməsi məqsədilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyası tərəfindən təhlil aparılıb. Təhlillər Təhsil Tələbə Krediti Fondunun və ƏMAS-ın müqavilə məlumatları əsasında hazırlanıb. Məlumatlar bakalavr təhsil pilləsində 10 illik dövrü (2013-2022), magistr pulləsində və orta ixtisas təhsilində 7 illik dövrü (2016-2022) əhatə edib.
 
Görüşdə habelə ali və orta təhsil müəssisələrində təhsil alan şagird və tələbələr arasında keçirilmiş sorğu üzrə hesabat da təqdim edilib. Sorğuda Azərbaycanın 7 şəhər və rayonunda 9-11-ci sinif şagirdləri arasından 558 respondent, Bakı və Sumqayıt şəhərlərində yerləşən 8 universitetdən 1773 tələbə iştirak edib.
 
Təhlil nəticələri təqdim edildikdən sonra görüş iştirakçıları ilə geniş müzakirə aparılıb.


17.05.2024 | 15:22