"Yüksəliş" müsabiqəsinin "Qabiliyyət imtahanı" başa çatıb
"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinin "Qabiliyyət imtahanı" başa çatdı. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, müsabiqədə iştirak edən namizədlər 18, 19 may tarixlərində 2 növbədə olmaqla 3 imtahan mərkəzində, eləcə də ölkə xaricində olan vətəndaşlarımız üçün yaradılan proktorinq sistemi ilə distant şəkildə iştirak edərək "Qabiliyyət imtahanı"nı tamamlayıblar.
 
Ümumilikdə 3801 namizəd imtahanlarda iştirak edib.
 
Növbəti 5-7 iş günü ərzində iştirakçıların T-bal şkalası üzrə nəticələri hesablanaraq onlara hesabat şəklində göndəriləcək.
 
Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi idarəçiliklə məşğul olan 21 yaşdan 51 yaşınadək Azərbaycan vətəndaşları arasında keçirilən müsabiqədir. Müsabiqənin əsas məqsədi yüksək idarəetmə qabiliyyətinə malik, rəhbər vəzifələrdə çalışmaq perspektivi olan şəxsləri müəyyən etmək, onları inkişaf etdirmək və dəstəkləməkdir.


19.05.2024 | 20:00