AzMİU ilə "Autodesk" şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
ABŞ-nin transmilli proqramlaşdırma şirkəti olan "Autodesk" şirkətinin regional direktoru Evren Arının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) qonaq olub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki,qonaqları "dəyirmi masa" ətrafında qəbul edən AzMİU-nun Tədris işləri üzrə prorektoru professor Akif Qasımov "Autodesk" şirkətini mühəndislik, memarlıq, inşaat sahələri üçün vacib proqram təminatı məhsulları və xidmətləri istehsal edən əhəmiyyətli şirkət kimi xarakterizə edib. Universitetdə bu profillərdə ixtisaslı kadrların yetişdirildiyini bildirən prorektor həmin sahələrdə tətbiq olunan 3D Max, AutoCAD, Revit kimi proqramların tədris səviyyələrinin yüksəldilməsinin AzMİU üçün vacibliyinə toxunub. Eyni zamanda proqramların tətbiqi layihələrlə öyrədilməsinin asanlaşdırılması, yeni texnoloji bacarıqların artırılması, bu proqramların universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində birgə işlərin aparıla biləcəyini söyləyib.  
 
"Autodesk" şirkətinin regional direktoru Evren Arın şirkət və məhsullar haqqında qısa məlumat verib, kadr hazırlığı sahəsində universitetlə əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib. Şirkət tərəfindən universitetdə gerçəkləşdirilməsi mümkün olan layihələr haqqında danışıb, bir neçə real təklif səsləndirib. 
 
Görüşdə AzMİU ilə "Autodesk" şirkəti arasında əməkdaşlıq, eləcə də söhbət zamanı qeyd olunan məsələlərin reallaşdırılması istiqamətində müzakirələr aparılıb. Şirkətin adıçəkilən proqramlar üzrə təqdim etdiyi beynəlxalq sertifikatların tələbələr tərəfindən əldə olunması detallı müzakirə edilib, universitetlə birgə layihənin hazırlanması təklif olunub.
 


21.05.2024 | 13:55