NDU ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb
Naxçıvan Dövlət Universiteti (NDU) və Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında elmi-texniki əməkdaşlığa dair memorandum imzalanıb. 
 
Bu barədə “Azərbaycan müəllimi”nə NDU-dan məlumat verilib. 
 
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru Əlövsət Quliyevlə görüşdə bildirib ki,  müasir dövrdə elmi və texnoloji tərəqqi prosesi ali təhsil kontekstində islahatların aparılmasını və qlobal elmə çıxışı, fundamental, tətbiqi araşdırmaların həyata keçirilməsini, habelə insan kapitalı bazasının inkişafını təmin edə biləcək tədqiqat universitetlərinin  yaradılmasını zəruri edir. 
“Xüsusilə də, bilik iqtisadiyyatının inkişaf etdirilməsi, yeni biliklərin əldə olunması yollarının araşdırılması  kontekstində müasir tədqiqat universiteti konsepsiyasının aktuallığı daha da artmaqdadır”-deyən E.İsayev rəhbərlik etdiyi ali təhsil müəssisəsinin bu istiqamətdə hədəflərini diqqətə çatdırıb. 
 
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru Əlövsət Quliyev NDU ilə əməkdaşlığın perspektivləri, gələcək fəaliyyət istiqamətləri barədə danışıb.
 
Sonra hər iki tərəf arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
 
Müqavilədə Naxçıvan Muxtar Respublikası ərazisində regional və lokal ekoloji problemlərin araşdırılması, həlli istiqamətində birgə tədqiqatlar, muxtar respublika ərazisində su və torpaq resurslarından səmərəli istifadə üzrə, bitki və biomüxtəlifliyin qorunması, səmərəli istifadəsi istiqamətində tədqiqatlar, muxtar respublika ərazisində tullantıların idarə edilməsi, təkrar emalı və səmərəli istifadəsi üzrə birgə tədbirlər, müasir üsul və vasitələrdən, cihazlardan istifadə etməklə çöl-tədqiqat işlərinin təşkili məlumatlarının sistemləşdirilməsi maddələri öz əksini tapıb.  
 
Hər iki tərəf müəssisənin təsdiq olunmuş fəaliyyət planları çərçivəsində dissertantura yolu ilə fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə əməkdaşların hazırlanması, təhsili məsələlərini, regionun ekoloji problemlərinin həllinə yönəlmiş yerli, beynəlxalq və müştərək qrant layihələrini yerinə yetirəcəklər. Eyni zamanda əldə edilmiş tədqiqat nəticələri barədə tərəflər müntəzəm olaraq məlumat mübadiləsi və məsləhətləşmələr aparmaqla birgə məqalələrin dərcinə nail olacaq və patentləşdirmək üçün sənədlər təqdim etməklə informasiya mübadiləsini həyata keçirərək qarşılıqlı öhdəliklər daşıyacaqlar.


21.05.2024 | 13:59