BDU ilə Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
 
BDU-dan “Azərbaycan müəllimi”nə  bildirilib ki, memorandumu universitetin rektoru Elçin Babayev və Kahramanmaraş Sütcü İmam Universitetinin rektoru Alptekin Yasım imzalayıblar.
 
Mərasimdə çıxış edən rektor E.Babayev deyib ki, qardaş ölkələr olan Azərbaycan və Türkiyənin sevinci və kədəri birdir: "Təsadüfi deyil ki, Türkiyədə ötən ilin fevralında baş verən güclü zəlzələdən sonra Azərbaycan xalqı və dövləti bütün gücü ilə qardaş ölkənin yanında oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə zəlzələdən daha çox zərər çəkən Kahramanmaraşda “Azərbaycan” yaşayış məhəlləsinin salınması da qardaşlıq duyğusunun bariz nümunəsidir".
 
E.Babayev Kahramanmaraş Sütcü İmam Universiteti ilə müxtəlif elm sahələri üzrə yaxşı əməkdaşlıq imkanlarının olduğunu deyib: "İki universitet arasında konkret istiqamətlər üzrə birgə tədqiqatlar aparıla, ikili diplom proqramları imzalana bilər".
 
Kahramanmaraş Sütcü İmam Universitetinin rektoru Alptekin Yasım isə rəhbərlik etdiyi ali təhsil ocağında 13 fakültədə 40 mindən artıq tələbənin təhsil aldığını vurğulayıb. O, BDU ilə əməkdaşlığın hər iki universitetə faydalı olacağına əminliyini bildirib, memorandum çərçivəsində birgə təhsil, tədqiqat fəaliyyəti, müəllim-tələbə mübadiləsinin həyata keçiriləcəyini diqqətə çatdırıb.


21.05.2024 | 15:48