Türk Dünyası İncəsənət Universitetləri Birliyinin rektorları Bakıda görüşüblər
Mayın 21-də Türk Dünyası İncəsənət Universitetləri Birliyinin rektorlarının 4-cü görüşü keçirilib.
 
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) “Azərbaycan müəllimi”nə  bildirilib ki, TÜRKSOY II Beynəlxalq Tələbə Tamaşaları Festivalı çərçivəsində keçirilən görüş TÜRKSOY-un baş katibi Sultan Rayevin sədrliyi ilə davam edib.
 
İclasda ADMİU-nun rektoru professor Ceyran Mahmudovanın təklifi ilə Türk dünyası Beynəlxalq Estrada Mahnıları Festivalının keçirilməsi məsələsi müzakirə olunub. İlkin müzakirələrdə festivalın birincisinin payız aylarında Bakıda keçirilməsi razılaşdırılıb.
 
Həmçinin, Qırğızıstanda Bakı adlı kəndin olduğunu deyən C.Mahmudova rəhbəri olduğu ali təhsil ocağının “Kinorejissorluq” ixtisasının son tədris ili tələbələrinə həmin kənd və sakinləri haqqında sənədli film çəkilməsi mövzusunda diplom işi verilməsini təklif edib. Rektor bunun bir layihə şəklində gələcəkdə digər ölkələrin universitetləri tərəfindən davam etdirilə biləcəyini vurğulayıb. C.Mahmudovanın təklifi TÜRKSOY-un baş katibi Sultan Rayev və rektor həmkarları tərəfindən maraqla qarşılanıb. S.Rayev təklif edilən layihələrin TÜRKSOY tərəfindən dəstəklənəcəyini bildirib.
 
Görüşdə tələbələr üçün təqaüd proqramları, tələbə və müəllim mübadiləsi, təcrübə proqramları barədə də müzakirələr aparılıb. TÜRKSOY-un baş katibinin müavini Sayit Yusuf Türkiyə Təqaüdü proqramı ilə bağlı məruzə edib, universitetlərin bu proqram çərçivəsində verilən sənət təqaüdlərinə qoşulmasının əhəmiyyətindən danışıb.
 
Rektorların 4-cü görüşündə Türk Dünyası İncəsənət Universitetləri kimi yaradıcıyönümlü kolleclərin də birliyinin yaradılması təklif edilib.


21.05.2024 | 17:14