21 il yanlış diaqnozla müalicə alan xəstə əməliyyat olundu

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 21 il öncə qoyulmuş səhv diaqnozla müalicə alan xəstə uğurlu əməliyyat olunub. Klinikanın cərrahı, t.ü.f .d. Arif Ağayev deyir ki, xəstədə anadangəlmə ön divar aralığında (ürəklə ağciyərlər arasında) törəmə olub: “Xəstə indi 27 yaşındadır. 5- 6 yaşından davamlı öskürək, boğulma, yüksək temperatur, döş qəfəsində şiddətli ağrı şikayətləri ilə müxtəlif xəstəxanalarda uzunmüddətli müalicələr alıb. Xəstənin anadangəlmə qüsuru yanlış dəyərləndirildiyindən səhv diaqnoz qoyulub. Belə ki, xəstə davamlı olaraq vərəm, astma, pnevmaniya və s. kimi yanlış xəstəliklərdən müalicə alıb. Odur ki, indiyədək aldığı müalicələrin nəticəsi olmayıb”.

 

A.Ağayevin sözlərinə görə, xəstə klinikaya bəlğəmli öskürək, ara-sıra temperaturun yüksəlməsi, təngnəfəslik şikayətləri ilə müraciət edib: “Biz gəncin əlindəki müayinə nəticələrinə nəzər saldıq, lazımi yeni müayinələr də apardıq. Müayinələr əsasında xəstənin ön divar aralığı dediyimiz bölgəsində törəmə aşkar etdik. Bunu anadangəlmə dermoid sist və ya teratoma kimi dəyərləndirdik. Törəmənin xoşxassəli olduğu təsdiqləndi”.

 

A.Ağayevin sözlərinə görə, törəmə 21 il öncə irinləyərək ağciyərə yol açıb. Ötən illər ərzində fasiləsiz olaraq irinləyib və irin iki orqan arasında yaranmış yoldan ağciyərə tökülüb. Ona görə də həkimlər bunu ağciyər problemi kimi qəbul ediblər.

 

Arif Ağayev bildirir ki, uzun sürən müayinələrdən sonra, xəstədə vərəm olmadığı təsdiqlənib və xəstə əməliyyata alınıb: “Əməliyyat zamanı törəmə və ağciyərin irinli, öz fəaliyyətini itirmiş 2 payı çıxarıldı. 8 saat yarım sürən əməliyyat uğurla nəticələndi”. 



08.11.2018 | 18:04