Keçən ilin təhsil xərcləri dövlət büdcəsi xərclərinin 11,3 faizini təşkil edib
Ötən il elm xərcləri üzrə 193,6 milyon manat məbləğində vəsait istifadə olunub.
 
"Azərbaycan müəllimi" APA-ya istinadən xəbər verir ki, bu Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda öz əksini tapıb.
 
Qeyd edilib ki, 2023-cü ildə elm xərcləri üzrə aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 193,6 milyon manat məbləğində vəsait istifadə olunub ki, bu da proqnoza nisbətən 1,4 milyon manat və ya 0,7 faiz az, 2022-ci illə müqayisədə isə 25,8 milyon manat və 15,3 faiz çoxdur.
 
Hesabat ilində elm xərcləri ÜDM-in 0,2 faizini, dövlət büdcəsi xərclərinin isə 0,5 faizini təşkil edib. 2023-cü ildə Azərbaycan Elm Fondu üzrə icra 3091,6 min manat və ya proqnoza nisbətən 35,8 faiz təşkil edib.
 
Fond tərəfindən təqdim edilmiş illik hesabata əsasən, 2023-cü ildə açılmış vəsaitdən 498,1 min manat əməyin ödənişi, 2385,4 min manat qalib (qrant) layihələr üzrə, 208,1 min manat isə idarənin saxlanılması xərclərinə yönəldilib.
 
2023-cü ilin dövlət büdcəsindən təhsil xərclərinə isə 4129,9 milyon manat məbləğində vəsait ayrılıb. Hesabatda qeyd edilib ki, aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 4124,8 milyon manat məbləğində vəsait istifadə olunub ki, bu da proqnoza nisbətən 5,1 milyon manat və ya 0,1 faiz az, 2022-ci illə müqayisədə isə 428,4 milyon manat və ya 11,6 faiz çoxdur.
 
Hesabat ilində təhsil xərcləri dövlət büdcəsi xərclərinin 11,3 faizini təşkil edib.

 



23.05.2024 | 11:06