XI siniflərin buraxılış imtahanlarının apellyasiya nəticələri açıqlanıb

3 və 10 mart 2024-cü il tarixlərində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanlarının nəticələri ilə bağlı təşkil edilən Apellyasiya Komissiyasına ümumilikdə 10496 şagird 29966 yazı işi ilə bağlı qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.
 

DİM-dən “Azərbaycan müəllimi”nə bildirilib ki,  edilən bütün müraciətlər araşdırılıb, haqlı qeydlər nəzərə alınıb, digər (əsassız) iddialarla bağlı isə şagirdlərin elektron apellyasiya ərizələrinə hər iş üzrə ekspert rəyi əlavə edilib.
 

Müraciətlərin 302-si boş yazı işindən (bu işlərdə şagirdlər tərəfindən heç bir yazı işi yerinə yetirilməyib və tamamilə boşdur), 652‑si isə tam bal ilə qiymətləndirilmiş işlərdən (bu işlər yoxlama vaxtı markerlər tərəfindən onsuz da tam bal ilə qiymətləndirilib) olub. Tam ballıq işlərə aid müraciətlər də araşdırılıb və elektron apellyasiya ərizələrində müvafiq qeydlər yazılıb.
 

Şagirdlərin nəzərinə çatdırırıq ki, elektron apellyasiya ərizələrinə (https://apelyasiya.dim.gov.az/) daxil olaraq Apellyasiya Komissiyasının qərarları ilə tanış ola bilərlər. Qeyd edək ki, bununla bağlı (apellyasiya prosesinin başa çatması ilə bağlı) şagirdlərin elektron apellyasiya ərizələrində yazdıqları mobil telefon nömrələrinə “sms” məlumat göndərilib.
 

Apellyasiya Komissiyası tərəfindən düzəliş edilən halların (iki imtahan üzrə birlikdə bütün yazı işlərinin 0,08%-i) 514-ü yerdəyişmə halları (cavab vərəqində bir tapşırığa aid yazı işinin həllinin və ya cavabının başqa tapşırıq üçün nəzərdə tutulmuş hissəyə yazılması halları), 45-i şagirdin xəttinin çətin oxunması, 21-i cavab vərəqində yazı işinin yerinə yetirilməsi üçün nəzərdə tutulan çərçivədən kənara çıxma halları, qalanları isə yazı işlərinin qiymətləndirilməsi zamanı yol verilən səhvlərlə bağlıdır. Müsbət həll olunan işlərlə bağlı müvafiq düzəlişlər 3-4 iyun 2024-cü il tarixlərində şagirdlərin rəsmi imtahan nəticələri ilə bağlı səhifələrində öz əksini tapacaq.
 

Xatırladaq ki, 3 və 10 mart 2024-cü il tarixlərində keçirilmiş imtahanlarda ümumilikdə 105000-dən çox şagird iştirak edib və bu şagirdlər 2,5 milyondan çox yazı işi yerinə yetiriblər.
 

Qeyd: Əvvəlcədən elan edildiyi kimi kodlaşdırma ilə bağlı olan müraciətlər (məsələn eyni sətirdə iki dairənin qaralanması, dairənin üzərində “X” işarəsi qoyulması, dairəni tam qaralamaq əvəzinə digər işarələrin qoyulması və s.) nəzərə alınmayıb.



24.05.2024 | 17:52