"Sertifikatlaşdırma müəllimlərin peşə məsuliyyətini artırır" - ARTİ-nin şöbə müdiri
Təhsilverənlərin sertifikatlaşdırılması, eyni zamanda müəllim nüfuzunun yüksəldilməsinə xidmət edir. Müasir dövrdə təhsil sahəsində aparılan islahatlar təhsilin bütün pillə və səviyyələrində keyfiyyət dəyişiklikləri üçün zəmin yaradır.     
 
Bu sözləri "Azərbaycan müəllimi"nə açıqlamasında Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov deyib. 
 
O bildirib ki, təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb edir:
 
"Təcrübə göstərir ki, bütün dünya ölkələrində təhsilverənlərin sertifikatlaşdırılması məsələsinə xüsusi diqqət yetirilir. Çünki sertifikatlaşdırma, ilk növbədə, müəllimlərin ixtisas üzrə bilik və bacarıqlarının daha da dərinləşdirilməsinə, peşəkarlıq səviyyələrinin yüksəldilməsinə xidmət edir, müəllimlərin peşə məsuliyyətini artırır".
 
Şöbə müdiri qeyd edib ki, sertifikatlaşdırmanın başlanğıc mərhələsində müəyyən çətinliklər olsa da, bunlar tədricən aradan qalxıb, müəllimlərin bu prosesdə iştirakı daha da sürətlənib:
 
"Sertifikatlaşdırmanın nəticələrinə uyğun olaraq yüksək bal toplayan müəllimlərin vəzifə maaşına müəyyən faiz əlavələrin edilməsi prosesə həm marağın artmasına, həm də bu işə daha ciddi yanaşılmasına təsir göstərib".
 
İ.Cəbrayılov daha sonra deyib ki, təhsilverənlərin sertifikatlaşdırılmasında yeni qaydalara görə yaşı 60 və daha yuxarı olan müəllimlərin könüllülüyünün təmin olunması da diqqət çəkən məqamlardandır:
 
"Belə olan halda müəllimlər üçün sərbəst seçim imkanı yaranır. Əgər o, rəqabət apararaq prosesə qoşulmaq istəyirsə, ilk növbədə, daha hazırlıqlı olmalıdır. Müəllim fənninin tədrisi metodikasının xüsusiyyətlərini, təlim prinsipləri və metodlarını, dərsə verilən müasir tələbləri innnovativ yanaşmalar baxımından daha yaxşı mənimsəməlidir".
 
Şöbə müdirinin sözlərinə görə, sertifikatlaşdırmanın 3 ildən bir keçirilməsi də müəllimlər tərəfindən rəğbətlə qarşılanıb.
 
"Belə bir qaydanın qoyuluşu hər bir kəsin məsuliyyətini artırır. Əlbəttə, hər bir müəllim daim öz üzərində çalışmalı, bilik və bacarıqlarını dərinləşdirməlidir. Qloballaşan dünyada informasiya axınının güclənməsi, elm və texnika sahəsində sürətli inkişaf prosesləri müəllimlərin də öz işinə yaradıcı yanaşmalarını, daim öz üzərlərində çalışmalarını tələb edir. Bu baxımdan sertifikatlaşdırmanın tətbiqi ölkəmizdə müəllim əməyinin qiymətləndirməsinə, onların cəmiyyətdəki nüfuzunun yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərir" - deyə İ.Cəbrayılov qeyd edib. 
 
Sifai SƏFƏROVA


30.05.2024 | 13:51