ADPU-nun Şamaxı filialında Abbas Səhhətin 150 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında görkəmli şair və maarifçi Abbas Səhhətin 150 illiyinə həsr olunmuş "Vətəni sevməyən insan olmaz!" adlı Respublika elmi konfransı keçirilib. 
 
ADPU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, konfransdan əvvəl şairin Şamaxı rayonunda yerləşən abidəsi ziyarət olunub. 
 
Filialda keçirilən plenar iclasda, əvvəlcə, Abbas Səhhətə həsr olunmuş videoçarx nümayiş olunub. 
 
Filialın direktoru dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək qeyd edib ki, xalqımızı yaşadan, irəli aparan saysız görkəmli şəxsiyyətlər olub:”Belə görkəmli şəxsiyyətlərdən biri də Abbas Səhhətdir. Ulu Öndər Heydər Əliyev ideyalarının uğurlu davamçısı olan Prezident İlham Əliyev hər zaman xalqımızın bu cür dəyərli ziyalılarına dəyər verir və onların yubileylərinin təntənəli surətdə qeyd edilməsi ilə bağlı sərəncamlar imzalayır. Bu il Prezident İlham Əliyev tərəfindən Abbas Səhhətin 150 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalanıb”. 
 
Sonra ADPU-nun Azərbaycan ədəbiyyatı kafedrasının professoru Təyyar Cavadovun “Abbas Səhhət: tərcümeyi halından yaradıcılığının fəlsəfəsinə qədər”, kafedranın dosenti Qüdrət Umudovun “Abbas Səhhət poeziyasında vətən təbiətinin təsvir və tərənnümü” mövzusunda çıxışları dinlənilib. 
 
Plenar iclasın ardınca konfrans Ədəbiyyatşünaslıq, Dilçilik və onun  aktual problemləri, Tarix və coğrafiya elmləri, Pedaqogika və psixologiya elmləri və Təbiət elmləri bölmələrində öz işini davam etdirib.
 
Hibrid formada keçirilən elmi konfransda həm onlayn, həm də əyanı məruzələr dinlənilib.


03.06.2024 | 10:41