Adını tarixə yazdıran məktəblinin atası: "Qız uşağıdır, idmandan uzaqlaşdır onu" deyirdilər - İstedad
Məlum olduğu kimi, Bakıda ilk dəfə olaraq 20 və 17 yaşadək idmançılar arasında qrepplinq üzrə Avropa çempionatı keçirilib. Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Röya Abdullayeva 52 kq çəki dərəcəsində Polşa, İspaniya, Ukrayna idmançılarına qarşı dairəvi sistem üzrə mübarizədən qalib ayrılaraq qitə çempionatının qızıl medalına sahib çıxıb. Röya ölkəmizi bu yaş kateqoriyasında təmsil edən idmançılar arasında yeganə qızıl medal mükafatçısı olub. O, həmçinin 17 yaşadək qızlar arasında qrepplinq üzrə Avropa çempionu olan ilk Azərbaycan idmançısı kimi də adını tarixə yazdırıb.
 
"Azərbaycan müəllimi" olaraq biz də Röyanın uğurlarına güzgü tutmaq qərarına gəldik. Söhbətimiz əsnasında öyrəndik ki, məktəblimizin məşqçisi elə atası Xəyal Abdullayev imiş. O, Röya ilə işləməyin bir məşqçi olaraq çox rahat olduğunu bildirdi.
 
"Qız uşağıdır, idmandan uzaqlaşdır onu" deyənlər az olmayıb
 
"Röya erkən yaşlarından ağıllı, sözəbaxan uşaq olub. İdman bacarığı ilə yanaşı, xaraktercə də fərqli davranış keyfiyyətlərinə malikdir. Mən hər zaman qızımla fəxr etmişəm və hər bir qərarında ona dəstək olmuşam. "Qız uşağıdır, idmandan uzaqlaşdır onu" deyənlər az olmayıb. Amma qızımı ruhdan salmaram və əlimdən gələn bütün dəstəyi də əsirgəməyəcəyəm. Röya psixoloji cəhətdən çox möhkəm və qorxmaz bir qızdır. Məşqlərdə oğlanlardan nəinki geri qalmır, hətta onlardan da artıq dözüm nümayiş etdirir. Onunla işləmək bir məşqçi olaraq mənə çox rahatdır. Verdiyim bütün tapşırıqları layiqincə yerinə yetirir. Röya yarışlara çıxanda mən çox rahat oluram. Bilirəm ki, nə olur-olsun təslim olmayacaq. Uduzmaq onun xarakterində yoxdur. Ən kritik məqamlarda belə ruhdan düşməyəcək, bir yol tapıb rəqibi məğlub etməyi bacaracaq".
 
 
"Avropa çempionatında iştirak edəcəyini biləndə sevincinin hədd-hüdudu yox idi"
 
Hazırda Röya Abdullayeva Naxçıvan şəhər H.Cavid adına 5 nömrəli tam orta məktəbin 10-cu sinfində təhsil alır. 2016-ci ildən “Turan döyüş klubu”nda məşq edir. Avropa çempionatına vəsiqə qazanmaq üçün qrepplinq üzrə Azərbaycan çempionatına qatılıb və I yerə layiq görülüb.
 
Röya deyir ki, Avropa çempionatında iştirak edəcəyini biləndə sevincinin hədd-hüdudu yox idi. Amma bunun ardınca onu daha məsuliyyətli bir yarışın gözlədiyini də bilir: "Avropa çempionatına iki ay qalmış hazırlaşmağa başladım və ağır hazırlıq prosesi keçdim. Hər gün məşq edirdim. Bilirdim ki, yarış çətin olacaq və 4 rəqiblə qarşılaşacağam". 
 
Nəhayət həlledici məqamlar yetişdi və Röya bir-birinin ardınca üç rəqibinin üzərində qələbə çalaraq, finalda da ukraynalı idmançını boğucu fəndlə məyus etdi və Avropa çempionu adını qazandı. Röya idmanda qazandığı bütün uğurlarına görə başda məşqçisi Xəyal Abdullayevə, yəni atasına və hər dəfə onu öz xeyir-duasıyla yarışlara yola salan anasına minnətdar olduğunu bildirir.
 
"Onların hər ikisi məni ancaq qələbəyə ruhlandırıblar. Elə bu dəstək də məni hər dəfə sonda qalib kürsüsünə yüksəldib. Gələcək yarışlarımı da bu qalibiyyətlə başa vura bilsəm, özümü dünyanın ən xoşbəxt idmançısı sayacağam", - deyir qızıl medal sahibi.  
 
Həm ata, həm də məşqçi kimi qürur hissi keçirirəm
 
Xəyal Abdullayev Avropa çempionatına çox yaxşı hazırlaşdıqlarını diqqətə çatdırıb: "Yeniyetmələrdən ibarət yığma komandamızın baş məşqçisi Orxan Həsənov da çox inanırdı ki, Röya çempion olacaq səviyyədədir. Qızım bu gözləntiləri, ümidləri doğrultdu. O, U17 komandamıza yeganə qızıl medalı qazandıran idmançıdır. Zarafat deyil. 17 yaşadək qızlar arasında qrepplinq üzrə Avropa çempionu adını qazandı və ilk Azərbaycan idmançısı kimi adını tarixə yazdırdı. Qızım yeniyetmələr arasında kikboksinq üzrə də Azərbaycan çempionudur. Qürur hissi keçirirəm həm bir ata, həm də bir məşqçi kimi". 
 
Qeyd edək ki, Röya şəxsi məşqçisi atası Xəyal Abdullayevin rəhbərliyi ilə bundan əvvəl də bir çox yarışlara qatılıb. Universal döyüş üzrə dünya çempionatının, kikboksinq, MMA və qrepplinq üzrə Azərbaycan çempionatlarının qalibi kimi böyük nailiyyətlərə imza atıb. 2020-ci ildə Bakı şəhərində keçirilən kikboksinq üzrə Azərbaycan çempionatında I, 2021-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən universal döyüş üzrə dünya çempionatında I, 2023-cü ildə isə MMA, pankration və qrepplinq üzrə Azərbaycan çempionatında iki dəfə I yerə layiq görülüb.
 
Röyanın və atası Xəyal Abdullayevin hekayəsi nədənsə mənə Hindistan istehsalı olan və məşhur aktyor Amir Xanın baş rolda çəkildiyi "Dangal" (Güləş çempionatı - red.) filmini xatırlatdı. Real hekayə əsasında çəkilən filmin qısa məzmununa baxsaq, orada da ata qızlarını güləşçi kimi yetişdirdiyi üçün öncə cəmiyyət tərəfindən qınanır. Amma həmin qızlar sonda ölkələrinin bayraqlarını ən böyük arenalarda dalğalandırırlar. Əminik ki, Röya da Azərbaycan bayrağını hər zaman zirvələrə qaldıracaq idmançılarımızdan olacaq.
 
Sifai SƏFƏROVA


05.06.2024 | 14:47