Kosmosun ən qədim qalaktikası kəşf olunub
Fəaliyyətə başladığı ilk gündən etibarən kosmosla bağlı əhəmiyyətli araşdırmalar həyata keçirən James Webb Kosmik Teleskopu (JWST), daha bir kəşfə imza atıb. Belə ki, teleskop Böyük Partlayışdan cəmi 300 milyon il sonra yaranmış tarixin ən qədim və ən uzaq qalaktikasını aşkar edib.
 
Bu barədə "Azərbaycan müəllimi" "Respublika" qəzetinə istinadən xəbər verir.
 
Bu dəfə teleskop məlum olan ən qədim və ən uzaq qalaktikaların təsvirlərini çəkə bilib. Alimlərin fikrincə, bu qalaktikalar Böyük Partlayışdan 300 milyon il sonra əmələ gəlib. Xüsusilə “JADES-GS-z14-0” və “JADES-GS-z14-1” adlı qalaktikalardan birincisi çox maraqlı xüsusiyyətə malikdir. Belə ki, hesablamalara əsasən, bu qalaktikanın eni 1600 işıq ili uzaqlığındadır və çox parlaq bir quruluşa malikdir. Mütəxəssislər bu qalaktikanın gənc və aktiv ulduzlarla qidalandığını düşünürlər.
 
Alimlər bu kəşfi vacib hesab edirlər, çünki kainatın 300 milyon il müddətində belə bir böyük qalaktika əmələ gətirməsi təəccüblüdür. Onu da qeyd edək ki, yeni kəşf yalnız bir araşdırmanın məhsulu deyil. Belə ki, Hubble Kosmik Teleskopu tərəfindən kəşf edilən sahələri araşdıran JWST, güclü infraqırmızı cihazlarını 5 gün ərzində bu bölgədə cəmləşdirib.


06.06.2024 | 11:50