Geologiya və Geofizika İnstitutunun şöbə rəhbəri Avropa Seysmoloji Komissiyasının üzvü seçilib
Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun “Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi” şöbəsinin rəhbəri dosent, y.e.e.d. Qulam Babayev Avropa Seysmoloji Komissiyasının Azərbaycan üzrə üzvü seçilib.
 
Bu barədə institutdan "Azərbaycan  müəllimi"nə məlumat verilib.
 
Belə ki, Avropa Seysmoloji Komissiyası (ESC - esc-web.org) Beynəlxalq Geodeziya və Geofizika İttifaqına (IUGG) qoşulmuş Seysmologiya və Yer təkinin fizikası beynəlxalq assosiasiyasının (IASPEI) qurumudur.  Komissiyanın məqsədi Avropada, Aralıq dənizi ilə həmsərhəd və yaxın qonşu ölkələrdə, həmçinin Orta Atlantik silsiləsindən Ural dağlarına kimi və Şimal Buzlu okeanından Afrikanın şimalına qədər uzanan regionda seysmoloji tədqiqatları və layihələri təşviq etməkdir.
 
Komissiyanın strukturu Avropa Seysmoloji Komissiyasının Şurasından (onun idarəedici orqanı), İcra Komitəsindən, Qərar və Namizədlik komitələrindən və vəzifələri müəyyən edən və xüsusi elmi problemləri öyrənmək məqsədilə qurulmuş İşçi Qruplarından ibarətdir. Əsası 2006-cı ilin sentyabr ayında Cenevrədə qoyulmuşdur.
 
Komissiya 2006-cı ildə Cenevrədə qəbul edilib və 2014-cü ildə İstanbulda dəyişdirilmiş əsasnamələrlə idarə olunur.


06.06.2024 | 14:56