“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş tamaşa nümayiş olunub
Paytaxtdakı 20 nömrəli məktəb-liseydə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Nəfəs” pantomim tamaşası nümayiş olunub.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
 
Tamaşanı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elşad Həsənov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, Yasamal RİH-in nümayəndələri, BŞTİ-nin struktur bölmə rəhbərləri, Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutu və Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları, müəllimlər, şagirdlər və digər qonaqlar izləyiblər.
 
Tamaşadan əvvəl məktəb-liseyin həyətində şagirdlərin iştirakı ilə fləşmob nümayiş olunub. Sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
 
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 
Tədbirdə çıxış edən məktəb-liseyin direktoru Esmira Ağayeva “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təhsil müəssisəsində keçirilən tədbirlərdən danışıb.
 
MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova bildirib ki, “Yaşıl dünya naminə həmrəylik ili”nin elan edilməsi ölkəmizdə 2024-cü il ərzində bu sahədə fəaliyyətin genişləndirilməsinə və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin intensivləşməsinə töhfə verir.
 
N.Hüseynova təhsil müəssisələrində bu cür tədbirlərin keçirilməsinin əsas məqsədinin Prezident İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi barədə imzaladığı Sərəncamdan irəli gələn tədbirlər çərçivəsində ekoloji mədəniyyəti, təbiətə həssas münasibəti təbliğ etmək, yaşıllıqlara qayğı ilə yanaşmağın zəruriliyinə diqqət çəkməkdən ibarət olduğunu bildirib.
 
Milli Məclisin komitə sədri, millət vəkili Sadiq Qurbanov tamaşa haqqında təəssüratlarını bölüşüb, qəhrəmanların dili ilə cəmiyyətə ötürülən mesajı yüksək dəyərləndirib. Millət vəkili dünyanı narahat edən ekoloji problemlərdən, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açaraq bu sahəyə diqqətin artırılmasının və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini şagirdlərin diqqətinə çatdırıb. Həmçinin BMT-nin İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsini ölkə Prezidentinin uğurlu fəaliyyətinin nəticəsi kimi dəyərləndirib.


06.06.2024 | 17:11