"Danışır təcrübə" layihəsinin növbəti qonağı Fariz Cəfərov olub
Elm və Təhsil Nazirliyi, tabe qurumlarının əməkdaşlarının davamlı inkişafının təmin edilməsi, müasir çağırışlara hazır olan kadrların yetişdirilməsi məqsədilə həyata keçirilən “Danışır təcrübə” layihəsi davam edir. 
 
 "Azərbaycan müəllimi" xəbər verir ki, layihənin budəfəki qonağı Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov olub. 
 
 
Fariz Cəfərov rəqəmsal sahədə məlumatlılığın artırılması məqsədilə “Süni intellektin gələcəyi: insan həyatının və sənayenin transformasiyası” mövzusunda təqdimatla çıxış edib. Süni intellektin yaratdığı imkanlardan danışan Fariz Cəfərov Azərbaycanda bununla bağlı həyata keçirilən layihələr barədə məlumat verib. 4SİM-in icraçı direktoru süni intellektin bu gün dünyada kənd təsərrüfatı, infrastruktur, inşaat, istehsal və digər sahələrdə geniş tətbiq olunduğunu diqqətə çatdırıb.  
 
 
Süni intellektlə işləyən verilənlər bazasının idarəetmə sistemləri ilə bağlı təcrübələrini də bölüşən Fariz Cəfərov sonda iştirakçıların suallarını cavablandırıb. 
 
 
Qeyd edək ki, “Danışır təcrübə” layihəsi çərçivəsində müntəzəm şəkildə görüşlərin təşkili nəzərdə tutulur.


10.06.2024 | 15:18