Peşə təhsili ilə həyatı dəyişən bağban dekorator - Almaniyada iş tapdı, lakin...
"Uğur arxasınca uğur, qazanc qazanc gətirir", - deyirlər. Hekayəsini paylaşdığımız Qorxmaz İbadov uğuru peşə təhsili müəssisəsindən məzun olandan sonra da davam edən gənclərdəndir. Almaniyada, nəinki təcrübə qazanıb, hətta iş də tapıb. Amma o, Azərbaycana qayıdıb: “Almaniyada yox, Azərbaycanda işləməyi məsləhət bildim. Öz bacarığımı təkmilləşdirmək, işimi müasirləşdirmək istəyirdim ki, burada yenilikçi bir mütəxəssis olum”.  
 
Q.İbadov Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Bağban dekorator" ixtisası üzrə təhsil alıb: “Peşə təhsilini seçməklə həyatım dəyişdi. Bir-birinin ardınca çox böyük uğurlarım oldu. Peşə təhsili almağa başlayandan cəmi bir neçə ay sonra Almaniyada təcrübə imkanı qazandım”.
 
Təcrübə keçib Azərbaycana qayıdan qəhrəmanımız “Azərbaycan müəllimi” qəzetinə uğurunun sirrindən, peşə təhsilinin müasir həyatımızdakı gücündən danışıb.
 
Əmək bazarında təhsilli gələcək
 
Qorxmaz İbadov Qəbələ rayonundandır. 2010-cu ildə rayondakı Şəhid Nicat Apayev adına tam orta məktəbdə təhsilini tamamladıqdan sonra birbaşa əmək bazarına daxil olmaq istəyib: “Atam kənd təsərrüfatı ilə çox maraqlanır. Onun bu marağı mənə də sirayət eləyib. Məktəbi bitirər-bitirməz mən də onun kimi bağla, torpaqla işləmək, torpağın bərəkətindən faydalanıb öz marağımı peşəyə, işə çevirmək istədim”.
 
Atasının dəstəyinə baxmayaraq, Qorxmaz özündə bu işlə məşğul olmaq, qazanc götürmək, iş qurmaq, torpaq üzərində xarüqələr yaratmaq üçün yetərli imkanlar tapmayıb: “Təhsilim kifayət etmirdi. Hər addımbaşı bu yoxluğu hiss edirdim. Gördüyüm işin mənim üçün nəzəri əsaslandırması yox idi. Bu sahədə peşəkarlığımı artırmağım zəruri idi”.
 
Zərurəti müəyyənləşdirib bu yöndə düşünməyə başlayanda ağlına dostu gəlib: “Təhsilsiz heç nə alınmırdı. Peşə təhsili almaq barədə düşünürdüm. Bunu Qəbələ Peşə Təhsil Mərkəzində müəllim işləyən dostumla müzakirə etdim, aqronomluq oxumaq istədiyimi dedim. O da dəstəklədi məni. Və Qəbələ Peşə Təhsil Mərkəzinə yönləndirdi. Nəticədə "Bağban dekorator" ixtisası üzrə 1 illik qrupda təhsil aldım. Bu gün sevinirəm ki, peşə təhsili almağa qərar verdim və nəticədə bu qədər böyük uğura nail oldum”.
 
Almaniyada təcrübə imkanı
 
Ən böyük uğuru Almaniyada təcrübə keçmək şansı qazananlardan olmasıdır. Tədris başlayar-başlamaz ilk uğurlu xəbəri alıb: “2023-cü ilin aprel ayında Almaniyaya gedəcək tələbələrdən biri də mən olacaqdım. Amma bunun üçün almanca öyrənməli idim. Mənim alman dilində hər hansı biliyim yox idi. Noyabr ayından başlayaraq dil öyrənməyə başladım. Almanca öyrətsin deyə Gəncədən müəllim gəlib kurs keçirdi. Əkbər müəllim noyabrın 20-dən hərflərdən başlayaraq, bir neçə ay içərisində danışığı öyrətdi. 2023-cü il aprelin 18-də getdim. Orda bir alman ailəsi ilə birlikdə yaşayırdım. Söz ehtiyatım çox olduğu üçün çətinlik çəkmədim. Bəlkə qurduğum cümlə qrammatik deyildi, amma başa salırdım. Danışıq qabiliyyətim yaxşı olduğu üçün şəkilçisiz də olsa, onları başa salır, dediklərinin 60-70 faizini başa düşürdüm. Almaniyada qaldığım bir neçə ay ərzində heç kimin köməyi olmadan özümü idarə etdim”.
 
Almanlar orada qalıb işləməyini istəyib
 
Almaniyada alma və üzüm bağlarında işləyən Q.İbadov çox keçmədən maraq dairəsini genişləndirib: “İşimin, sadəcə alma və üzüm bağları ilə məhdudlaşmasını istəmədim, başqa meyvələrə qulluğu, çiyələk yetişdirməyi də öyrənməyə çalışdım. Bu məqsədlə orda şefimdən xahiş etdim ki, məni başqa meyvə sahələrinə də göndərsin. Onun ayrı-ayrı bitki yetişdirən dostları çox idi. O da xahişimi yerə salmadı. Üzüm, çiyələk, gavalı, ərik bağlarında da işlədim. Həm təsərrüfat sahələrində, həm şərab zavodunda təcrübə qazandım. Çalışdığım təsərrüfat sahiblərindən birinin işimdən xoşu gəldi. Mənə qalıb onlarla işləməyi təklif etdilər. Amma razılaşmadım, qayıdıb ölkəmdə işləmək istəyirdim”.
Qayıtma qərarına baxmayaraq, almanlar israr edib: “Azərbaycana qayıdandan sonra da mənimlə yenidən əlaqə saxladılar. Hətta təklif edirdilər ki, ailəm üçün viza göndərir, biletlərini də alırlar. Amma atamın yanında işləmək istəyirdim və bu qərarımdan dönmədim”.
 
Uğur qazandıqca həvəslənir 
 
Artıq bir neçə aydır ki, “Qəbələ-Gilan Yeyinti Məhsulları” Açıq Səhmdar Cəmiyyətində işləyir: “Briqadir vəzifəsindəyəm. İşimi burda təkmilləşdirmək, atamla birgə işləmək istəyirəm, bir-birimizə dəstək oluruq burada. Azərbaycanda işimi böyütmək, müasirləşdirmək istəyirəm”. 
 
İndi "Gilan Qəbələ Yeyinti Məhsulları İstehsalı" Açıq Səhmdar Cəmiyyətinə məxsus fındıq bağlarında sahə briqadiri işləyir: “Bunu öz təcrübəmdə təsdiq etdim. Həqiqətən, insan uğur qazandıqca daha da həvəslənərək irəli getməyə can atır”.
 
Ruhiyyə DAŞSALAHLI


11.06.2024 | 09:56