Universitetlərin birgə əməkdaşlığı nəticəsində ölkəmizin kitabxana-informasiya infrastrukturu barədə məlumatlar qlobal platformada yerləşdirilib

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), ADA Universiteti və Qərbi Kaspi Universitetinin kitabxana-informasiya mərkəzlərinin birgə əməkdaşlığı nəticəsində ölkəmizin kitabxana-informasiya infrastrukturu barədə məlumatlar qlobal platformada yerləşdirilərək, bu sahədə mühüm yeniliyə imza atılıb.

 

Bu barədə UNEC-dən "Azərbaycan müəllimi"nə xəbər verilib. Bildirilib ki, bu ildən dünyanın bir çox ölkələrindən 2,8 mln kitabxana haqqında məlumatların mövcud olduğu Kitabxana Assosiasiya və İnstitutlarının Beynəlxalq Federasiyasının “Dünya Kitabxanalarının Xəritəsi” layihəsində Azərbaycan kitabxanalarına dair statistik məlumatlar da təqdim ediləcək.

 

Kitabxana Assosiasiya və İnstitutlarının Beynəlxalq Federasiyasının (International Federation of Library Associations and Instituions) "Dünya Kitabxanalarının Xəritəsi" (Library Map of the World) layihəsi (https://librarymap.ifla.org/map) müxtəlif regionlar və ölkələr üzrə kitabxanaların statistik göstəricilərini təqdim edən və bu göstəricilər əsasında kitabxanaların səmərəli fəaliyyəti üzrə müqayisəli təhlillər aparmağa imkan verən statistik və analitik informasiya platformasıdır. Qlobal kitabxana sahəsinin potensialını göstərmək üçün “Dünya Kitabxana Xəritəsi” milli, akademik, kütləvi, məktəb və xüsusi kitabxanalar daxil olmaqla, bütün növ kitabxana məlumatlarını əhatə edir. Xəritəyə ölkə üzrə kitabxanaların fəaliyyətinə dair ilkin göstəricilər (kitabxanaların, işçi heyətin, könüllülərin, qeydiyyatdan keçmiş istifadəçilərin, oxuculara verilmiş kitab və digər resursların sayı) daxil edilir.

 

Dünya Kitabxanalarının Xəritəsi həm də müxtəlif ölkələrdəki kitabxanaların BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə necə töhfə verdiyini və yerli inkişaf ehtiyaclarının ödənilməsində tərəfdaş kimi xidmət etdiyini nümayiş etdirən platformadır.



12.06.2024 | 10:30